Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü idi. Ümummili liderin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması yolunda dünya siyasi meydanında əsasını qoyduğu siyasəti düzgün olaraq “balanslaşdırıcı” adlandırmışlar. Məhz, Heydər Əliyevin bu müdrik siyasəti nəhəng xristian və  ermənipərəst beynəlxalq güc mərkəzlərinin aparıcı olduğu dünyada əsas əhalisi müsəlman Türk dünyasının tərkib hissəsi olan Azərbaycanın indiyədək mövcudluğunu təmin etmişdir.

Ulu Öndərin vəfatından 15 il keçsə də, məhz onun bu siyasətinin düzgünlüyü dəfələrlə isbat edilmiş və edilməkdədir. Dövlət başçımız İlham Əliyevin dünya siyasi meydanında uğurla davam etdirdiyi bu xətt elə ümummilli liderin vəfatının ildönümündə də öz parlaq effektini bir daha nümayiş etdirdi. Belə ki, dekabrın 12-də bütün dünyanın taleyinin asılı olduğu qlobal əhəmiyyətli hadisə Bakıda baş tutdu. Bakıda, dekabrın 12-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbəti görüş keçirildi.

İLHAM ƏLİYEVİN NATO-NUN YÜKSƏK ZABİT HEYƏTİLƏ GÖRÜŞÜ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrottinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın NATO ilə tərəfdaşlığının uzun tarixə və geniş gündəliyə malik olduğunu deyən dövlətimizin başçısı bu ilin iyul ayında NATO-nun mənzil-qərargahına son səfərini və Brüsseldə keçirilmiş Zirvə toplantısında iştirakını xatırladı və bunun əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı ümumilikdə NATO-nun mənzil-qərargahına etdiyi bütün səfərlərin müsbət xarakter daşıdığını qeyd etdi. Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında ölkəmizin fəal iştirak etdiyini, Azərbaycan hərbçilərinin sayının artırıldığını və əməliyyatlarda iştirak edən dövlətlərə zəruri nəqliyyat və logistik dəstək göstərildiyini vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın ikitərəfli əsasda da Əfqanıstana dəstək göstərdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrinin Əfqanıstan üçün yeni imkanlar yaratdığını vurğuladı. Dövlətimizin başçısı NATO-nun yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli tərəfdaşlığın gündəliyində duran vacib məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını dedi.

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti onu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyinə və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğuladı. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd etdi, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı qlobal təhlükəsizliyə aid olan vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr arasından Azərbaycanın seçilməsini ölkəmizə olan hörmət və etimadın təzahürü kimi dəyərləndirdi və bunun, eyni zamanda, ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü siyasətin göstəricisi olduğunu dedi.

İLHAM ƏLİYEVİN RUSİYANIN YÜKSƏK ZABİT HEYƏTİLƏ GÖRÜŞÜ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı, ilk növbədə, Rusiya ilə NATO yüksək hərbi rəhbərliyi arasında görüşün keçirilməsi üçün Bakının seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu, bizim ölkəyə hörmətin, etimadın göstəricisidir və bir daha Azərbaycanın dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm beynəlxalq tədbirlərin müntəzəm olaraq keçirildiyi məkana çevrildiyini göstərir və Azərbaycan bunu yüksək qiymətləndirir. Dövlətimizin başçısı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərinin eyni zamanda Azərbaycan-Rusiya əlaqələri ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını dedi. İkitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev yüksək səviyyədə keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirdi. Təkcə bu il Azərbaycan və Rusiya dövlət başçıları arasında çoxsaylı görüşlərin keçirildiyini vurğulayan Prezident İlham Əliyev son dəfə Sankt-Peterburqda Rusiya Prezidenti ilə təmaslarını məmnunluqla xatırladı. Dövlətimizin başçısı bu il, eyni zamanda, ölkələrimiz arasında xeyli sayda sazişlərin və sənədlərin imzalandığını vurğulayaraq, qarşılıqlı fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkələrimiz tərəfindən əldə olunmuş razılıqların icra edilməsinin önəmini qeyd etdi və buna nail olunduğunu bildirdi. Rusiya ilə Azərbaycanın dostluq münasibətlərinin tarixi sınaqlardan çıxdığını qeyd edən Prezident İlham Əliyev bu gün ölkələrimizin etibarlı tərəfdaş olduğunu, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qalxdığını dedi və Valeri Gerasimovun ölkəmizə səfərinin bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə dövlətimizin başçısı ilə görüşünü yüksək qiymətləndirdi. O, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət və xatirələrini ehtiramla yad edəcəklərini vurğuladı. NATO və ABŞ nümayəndələri ilə artıq neçənci dəfədir ki, Bakıda görüşdüklərini qeyd edən Valeri Gerasimov paytaxtımızın bunun üçün çox münasib bir məkan olduğunu və bu cür görüşlər üçün burada hər cür şəraitin yaradıldığını vurğuladı.

İkitərəfli münasibətlərə toxunan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi.

???
???

BİZİM MƏNAFELƏR

Bu yüksək hərbi görüşlərin Bakıda keçirilməsi olduqca əlamətdar bir geopolitik hadisədir. Avropanın şərqində, keçmiş sovet respublikaları paytaxtlarında bu cür qlobal yüklü görüşlərin baş tutmamasının müxtəlif səbəbləri var. Öncə geopolitik səbəbləri vurğulaya bilərik.

Əvvəla, Şərqi Avropanın keçmiş “sosialist düşərgə” dövlətlərini (Polşa, Çexiya, Slovakiya, Rumıniya, Macarıstan, Bolqarıstan) və bəzi keçmiş SSRİ respublikalarını (Ukrayna, Moldova, Gürcüstan) Rusiya siyasi dairələri ya tam, ya da qismən Qərb dünyasının hərbi cinahına mənsub kimi nəzərdən keçirirlər.

NATO siyasi dairələri bəzi keçmiş sovet respublikalarını (Belorus, “ermənistan “) Rusiyanın birbaşa və ya dolayısı hərbi təsir dairəsində qəbul edirlər.

Hər iki cinah üçün məhz Azərbaycan Rusiya və Qərb arasında tarazlı siyasət aparan, münasib neytal bir geopolitik platforma kimi qəbul edilir.

İkinci səbəb sırf iqtisadi inkişafla əlaqəli münasib müasir kommunikasiya sistemlərinin olduğu bir məkana ehtiyacla bağlıdır. Bu parametrlərə də Azərbaycan cavab verməkdədir. Heydər Əliyevin təməlini qoyduğu və İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi inkişaf yolu öz uğurlu nəticələrini verməkdədir. Baxmayaraq ki, Azərbaycanın ərazisinin 25 faizi elə həmin NATO  blokunun  xristian ölkələrinin və Rusiyanın dəstəklədiyi erməni işğalçılarının tapdağı altındadır.

Bakıda qlobal əhəmiyyətə malik bu görüşün keçirilməsi Azərbaycanın dünya xristian güc mərkəzləri ilə tarazlaşdırılmış siyasət aparan müstəqil bir dövlət kimi təcəssüm etdirir. Bu, bir daha ona işarədir ki, Heydər Əliyevin əsasını yaratdığı tarazlaşdırma siyasəti ən azından, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi istiqamətində bəzi qlobal ermənipərəst, anti-türk və islamofob xristian güc mərkəzlərinin istəklərini neytrallaşdırmışdır. Maksimalda isə, Azərbaycan bu iki qlobal ermənipərəst, anti-türk və islamofob qüvvələrin arasında tarazlı siyasət apararaq indiki dövr və Millətimizin gələcək nəsilləri üçün milli maraq və təhlükəsizliyin təmini baxımından güclü və real üstünlüklər əldə edə bilər.

Qarxunlu

 “Millətçilik” qəzeti