Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir.

Bakıxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Tədbirdə həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak edirlər.

Dövlət başçısı toplantıda nitq söyləyib.


*** 10:00

Bakı. 20 fevral. REPORT.AZ/ Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir.

Bakıxəbər.az xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra üç plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq.

Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya Cənub Qaz Dəhlizi layihəsinin birləşdirici kəmərlərlə genişləndirilməsi perspektivlərinə həsr olunub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanması, eləcə də mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.