“Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Bakı sərnişin stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıxəbər.az-a bildirilib ki, bununla əlaqədar olaraq Bakı dəmir yolu qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən dəmir yolu və qeyri dəmir yolu müəssisələrinin işçiləri məşqə cəlb olunub.

Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə, əhaliyə və sıravi işçilərə davranış qaydalarını öyrətməkdir.

Fövqəladə Hallar Nazirliyinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin və “Azərbaycan Dəmir Yolları” QSC sədri yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri eləcə də Bakı sərnişin stansiyasının mülki müdafiə qüvvələri iştirak ediblər.

Hazırlıq işləri “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib.

Belə ki, Bakı sərnişin stansiyasında keçirilən obyekt mülki müdafiə məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər mülki müdafiə qərargahı rəhbərinin yanında toplanıblar. Stansiyanın rəisi Nizaməddin Eyyubov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində stansiyanın 17 mərtəbəli inzibati binasında yanğın baş verib və bir sərnişin vaqonu relsdən düşüb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan vaqonda yanğın baş verib, yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə məşq iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə edən manqa ərazini dərhal çəpərləyib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitə ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verildi. Dərhal hündür mərtəbəli binadan əhali və işçilər təxliyə edilib, kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq hadisənin nəticələri barədə mülki müdafiə rəhbərinə məruzə ediblər.

Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Şərti yaralılara ilkin tibbi yardım göstərilib.

Obyekt məşqdən sonra keçirilən müşavirədə Fövqəladə Hallar Nazirliyinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin, “Azərbaycan Dəmir Yolları” QSC sədri yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin əməkdaşları və Bakı dəmir yolu qovşağının rəhbər işçiləri çıxış edərək stansiyada mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər və aktiv iştiraka görə hər kəsə minnətdarlıq ediblər.