AZTV- ə sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

Bakıxəbər.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin   sədrliyi ilə keçirilən  prosesdə qeyd edilib ki, keçən məhkəmədə təqsirləndirilən şəxslər hakimlər kollegiyasının tərkibinə etiraz edib. Məhkəmə etirazı baxılmamış saxlayıb.

Bundan başqa, təqsirləndirilən Şücaət Əkbərob Arif Alışanovun məhkəmə baxışına gətirilməsini və AZTV sədri gətirilənə qədər məhkəmə prosesinin təxirə salınmasını tələb edib.

Hakim bildirib ki, A.Alışnovun məhkəməyə dəvət edilməsi ilə bağlı ona məlumət verilib və yenidən bildiriş göndəriləcək

Daha sonra şahid qismində Şamaxı rayonunda icra nümyəndəsi vəzifəsində çalışan Abıl Həsənov dindirilib. O bildirib ki, oğlu Bəhruz Həsənovun adına olan 2 hektar torpağı Şücaət Əkbərova 50 min manata satıb.

Şahid həmçinin qeyd edib ki, Ş.Əkbərov onu işdən çıxartdırmaq istəyib.

Ş.Əkbərov da şahidin dediklərini təsdiqləyib: “Biz və Arif Alışanov Sədaqəti bələdiyyə sədri qoymaq üçün 100 min manat pul vermişik. Həmçinin digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Səbəb kəndi ələ keçirmək olub”.

Şahid qismində Səlim Sadıqov ifadə verib. O bildirib ki, təqsirləndirilən Ş.Əkbərovun keçmiş qaynıdır: “Şücaətin odlu silah gəzdirməsindən, onun Arif Alışanova sui-qəsd etməsindən xəbərsizəm. Şücaətlə yaxın münasibətim olmayıb. O, həmişə vəzifədə işləyib”.

Digər şahid Nəriman Cabbarov ifadəsində söyləyib ki, 30 hektar torpağı 120 min manata Hacı Babayevə satıb: “Hacı Şücaətlə bir yerdə gəlmişdi. Onu bir dəfə görmüşəm”.

Qeyd edək ki, ittihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib.  O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

S.Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab  Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.

Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb.

Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.