27 sentyabr tarixindən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücuma başlayaraq  Ermənistan tərəfindən işğal olunmuş əzəli yurdlarımızın işğaldan azad olunması uğrunda ədalətli savaşa qalxmışdır. Xalqımız Azərbaycan Prezidenti, cənab Ali Baş Komandanımız İlham Əliyevə və şanlı Ordumuzun şücaətinə güvənir, nəhayət illərdir ki, düşmən işğalı altında olan torpaqlarımızın azad olunacağına əminlik nümayiş etdirir.

Tarixi faktlar göstərir ki, bütün dünyaya özlərini “Qafqaz xalqı” və Qarabağı “qədim yurdu” kimi tanıtmağa çalışan ermənilər, XIX əsrdə Rusiyanın Qacar və Osmanlı dövləti ilə bağladığı Türkmənçay və Ədirnə sülh müqavilələri nəticəsində Azərbaycana köçürülərək məskunlaşmağa başlamışlar. Bu proses hələ XVIII əsrdə Pyotrun hakimiyyəti illərində həyata keçirilməyə çalışılsa da, 100 il sonra gerçəkləşdirildi. Qeyd olunan bu fakt bir çox mənbələrdə, eləcə də  çar Rusiyasının arxiv mənbələrində açıq şəkildə qeyd olunmuşdur.

Ermənilərin hal-hazırda yaşadıqları ərazilərə köçürülmə olmasını təsdiq edən mənbələr olduğu kimi, Azərbaycan xalqının əcdadlarının həmin ərazilərin avtoxton əhalisi olmasını təsdiq edən külli miqdarda qaynaqlar var.  Bunların bir çoxu da antik dövr qaynaqlarıdır.

Qədim zamanlardan başlayaraq azərbaycanlıların yaşamış olduğu əzəli ərazilərdə indi azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlatdığı  azərbaycanlıların sistematik və planlı surətdə qovulub çıxarılması prosesi 1988-ci ildə sona çatdırıldı. Həmin il azərbaycanlıların axırıncı hissəsi erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca onların kəndləri dağıdılır, adları məhv edilirdi. Hələ 1935-ci ildən etibarən yeni və həm də tam uydurma erməni adları ilə əvəz olunmalar başlandı. Yeni yaradılan erməni dilli coğrafi adların bir qismi Azərbaycan dilindən erməni dilinə eyni ilə tərcümələrdən, digər qismi isə tarixi Azərbaycan toponimlərinə yad olan qondarma coğrafi adlardan ibarətdir.

Mənfur qonşularımız bu gün nəinki qədim torpaqlarımıza, hətta mədəniyyətimizi, tariximizi saxtakarlıqla mənimsəməyə çalışır, Qarabağın guya “yerli əhalisi” olduğunu hər vəchlə sübut etməyə çalışırlar. Bu məqsədlə düşmənlər tərəfindən işğal olunmuş ərazilərdə mövcud olan tarixi-memarlıq abidələrimiz ya tamamilə məhv edilir, ya da erməniləşdirilir. “Erməniləşdirmə” prosesi daha çox Azərbaycanın, eləcə də Qarabağın aborigen əhalisi olan və IV əsrdə rəsmi olaraq xristianlığı qəbul etmiş albanlara məxsus kilsələrdə və digər dini abidələrdə aparılır. Bununla da mənbələr onların əleyhinə olduğu halda, onlar Qarabağın guya “köklü əhalisi” olduqlarını dünyaya göstərməyə çalışırlar.

Ermənilər azərbaycanlıların Ermənistan ərazisində tarixi izini silmək üçün qədim türklərə məxsus xaçdaşları, balıq və ilan şəkilli daşları, qoç heykəlləri harada varsa məhv etmişlər. Naxçıvanın Batabat yaylağındakı abidənin taleyi də digərləri kimi acınacaqlı olmuşdur. Ermənilərin «vişap» adı altında təqdim etdikləri digər abidələr isə əsas etibarilə öküz, at və qoç heykəlləridir. Bu isə regionda türk etnosunun mövcudluğunun izlərini gizlətmək, eyni zamanda Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinə aid qədim məzar daşlarını erməniləşdirmək məqsədilə edilən saxtakarlıq cəhdidir.

İşğal edilmiş ərazilərdə mədəni və tarixi abidələrin məhv edilməsi, hər hansı arxeoloji qazıntının aparılması beynəlxalq hüquq və qəbul edilmiş konvensiyalarla ziddiyyət təşkil etsə də, ermənilər Azərbaycanın ən qədim abidəsi hesab edilən və dünyada ən qədim yaşayış yerlərindən biri kimi qəbul edilən Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri də aparmışlar. Bu tədqiqat işləri tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası”nın himayəsi altında aparılmışdır.

2001-2010-cu illərdə aparılan tədqiqat işlərinin nəticəsi olaraq 2010-cu ildə Azıx mağarası haqqında məqalələr toplusu nəşr edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun altı cildlik “Azərbaycan Arxeologiyası” nəşrinin I cildində qeyd edilir ki, “Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları uzunmüddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80%-i tədqiq olunmuşdur”. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürüb tədqiqata cəlb etmək mümkün olacaq. Beləliklə,  Azıx ərazisində qazıntı işlərini aparmaqla ermənilər və onlara qoşulmuş bəzi əcnəbi tədqiqatçılar sivilizasiyaya qarşı ən böyük təxribat və cinayət törətmişlər.

İşğal dövründə Cəbrayıl rayonunun peyk görüntüləri ermənilərin bu ərazidə qeyri-qanuni təsərrüfat işləri ilə məşğul olduqlarını aydın  şəkildə izləməyə imkan verirdi. Güman etmək olar ki, bu təsərrüfat işləri zamanı bir çox arxeoloji abidəyə ziyan dəymişdir. 28 ildən sonra işğaldan azad olunan doğma Cəbrayılımızda gələcəkdə aparacığımız tədqiqatlar bu ziyanın miqyasını ölçməyə imkan verəcəkdir.

Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş taktikasının sirlərinə dərindən bələd olan şanlı Ordumuzun tezliklə bütün Dağlıq Qarabağ və onun ətrafındakı rayonları işğaldan azad edəcəyinə bütün varlığımız ilə inanırıq. Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları olaraq həmin ərazilərdə yerləşən və özündə tariximizin qaranlıq səhifələrini aydınlaşdırmağa kömək edəcək və xalqımızın maddiləşmiş ruhunu saxlayan abidələrdə arxeoloji tədqiqat işləri aparacağımız günləri səbirsizliklə gözləyir və həmin günlərin çox da uzaqda olmadığına tam əminik.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru,   professor Maisə Rəhimova