12-13 mart 2019-cu il tarixlərində Qazaxstanın Mangistau vilayətinin Aktau şəhərində «Mangistaunun tarixi-mədəni irsinin öyrənilməsinə yeni baxış və perspektivlər» adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Beynəlxalq konfransda Qazaxıstandan, Türkiyədən, İngiltərədən, Rusiyadan, Özbəkistandan və d. ölkələrdən olan və müxtəlif elm sahələrini təmsil edən 100-dək alim iştirak etmişlər. Beynəlxalq konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları: İnstitutun «Tədris və beynəlxalq əlaqələr» şöbəsinin müdiri t.ü.f.d., dosent Səfər Aşurov, t.ü.f.d., dosent Mikayıl Mustafayev və elmi işçi Fidan Əliyeva təmsl etmişlər.

         İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə, Beynəlxalq konfransda Səfər Aşurovun “Xəzərin qərbində qədim şəhər”, Mikayıl Mustafayevin “Azərbaycanda Zilitəpə abidəsi”, Fidan Əliyevanın isə “İlk tunc dövründə Naxçıvanda zoomorf fiqurlar” adlı məruzələri elmi tədbir iştirakçılarının xüsusi marağına səbəb olmuşdur.

         Həmçinin konfrans müddətində iştirakçılar Mangistau vilayətinin ərazisində yerləşən Şakpak-ata adlı X-XIII əsrlərə aid yeraltı məsciddə, Mangistau vilayətinin Tarix-diyarşünaslıq muzeyində və Otpan tarixi-mədəni kompleksində olmuş, Akşukur kəndində keçirilən Amal bayramında iştirak etmişlər.

         Konfrans müddətində Mangistau regional TV-sinə verdiyi müsahibədə Səfər Aşurov regionun tunc dövrü kurqanları ilə həmdövr Abşeron yarımadasındakı kurqanların planlanmasında, həmçinin, orta əsrlərə aid Mangistaudakı tapıntılarla Azərbaycanın həmdövr          maddi mədəniyyət nümunələri arasında oxşarlığı qeyd etmiş, bu analogiyaların qədim dövrlərdə regionlar arasında sıx mədəni və ticari əlaqələrin olmasını göstərdiyini bildirmişdir.

VİDEO: https://www.youtube.com/watch?v=OanFD4UJxz8&feature=youtu.be