Yunanıstanın paytaxtı Afinada “Ellin dövrü Keramikası tədqiqi üzrə Beynəlxalq Assosiasiyanın” (International Association for Research on Pottery of the Hellenistic Period) 4-cü Beynəlxalq Konfransı keçirilmişdir. Milli Ellin Tədqiqatları Fondunun Tarixi Tədqiqatlar İnstitutu və Avstriya Elmlər Akademiyasının Avstriya Arxeoloji İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunmuş konfrans “İstehsalat mərkəzləri və Bazarlar: Ellin dövrü keramikasının iqtisadiyyata töhfəsi” (Manufactures and Markets: The Contributions of Hellenistic Pottery to Economies) mövzusu üzrə məruzələr, elmi diskusiyalar və mübadilələrdən ibarət idi. İştirakçılarının sayına əsasən konfransa İtaliya, Yunanıstan, Rusiya Federasiyası, Avstriya, İspaniya, ABŞ, Almaniya, Polşa, Fransa, Hollandiya, Belçika, İsveçrə, Ukrayna, İsrail, Kipr, Azərbaycan, Portuqaliya, Böyük Britaniya, Xorvatiya və Danimarkadan ümumilikdə 93 məruzəçi qatılmışdı.

         Azərbaycanı bu tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr Arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli təmsil edirdi. Azərbaycanlı alim “Qloballaşma markerləri olaraq məhsulların geniş yayılması – Bazarın təyini” bölməsində “Qafqaz Albaniyasının paytaxt şəhəri Qəbələdə Ellin dövrü saxsı istehsalı” adlı məruzəsi ilə çıxış etmişdir. Məruzəçi Ellin dövründə Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövlətinin təşəkkülü, onun paytaxtı Qəbələdə aparılmış arxeoloji qazıntılar barədə məlumatı geniş auditoriyanın diqqətinə çatdırdıqdan sonra, qeyd olunan ərazidə keramika istehsalı, keramika istehsalında antik dünyanın təsirlərindən söz açdı. Çıxış zamanı Qəbələnin Ellin dövrü keramikasının yüksək bədii tərtibatının eksperimental yolla hazırlanma texnikası barədə də məlumat verən C.Eminli, əyani şəkildə həmin nümunələri konfrans iştirakçılarına nümayiş etdirdi.

         İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata götə, konfransda məruzələr bitdikdən sonra tədbirin sonuncu günü təşkil olunmuş yekun iclasda iştirakçı ölkələrin statistikası, tədqiqatların əhatə etdiyi regionlar təhlil olundu. Müvafiq tədqiqatlar üzrə 20-dək ölkə içərisində artıq Azərbaycan da yer almışdı.

         Qeyd edək ki, Ellin dövrü Keramikası tədqiqi üzrə Beynəlxalq Assosiasiya 2011-ci ildə mövzu üzrə mütəxəssisləri bir araya toplayaraq onlar arasında əməkdaşlığı artırmaq, bu istiqamətdə birgə tədqiqatlar həyata keçirmək, Ellin dövrü keramikasının yayılma şəbəkəsini birgə araşdırmaq məqsədi ilə təşkil olunmuşdur. Assosiasiyanın 1-ci Beynəlxalq konfransı 2013-cü ildə Almaniyanın paytaxtı Berlində, 2-cisi 2015-ci ildə Fransanın Lion şəhərində, 3-cü konfrans Xorvatiyanın Kastela şəhərində keçirilmişdi. Tədbirin sonunda 2021-ci ildə təşkil olunacaq sayca 5-ci konfransa ev sahibliyinin İspaniyanın Sevilya şəhərinə keçəcəyi elan olundu.

Fəal iştirakına görə Ceyhun Eminli  Ellin dövrü Keramikası tədqiqi üzrə Beynəlxalq Assosiasiyanın 2020-2021-ci illərdə üzvlüyünə qəbul edilmişdir.