Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov ali rəhbərin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi, Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim ilə görüşüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, səfir B. Hüseynov son illər Azərbaycan-İran münasibətlərinin inkişaf etdiyini və bunun hər iki ölkənin prezidentləri tərəfindən aparılan siyasətin nəticəsi olduğunu bildirib. Prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifin cari ilin mart ayında Azərbaycana səfərinə toxunan diplomat qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına zəmin yaratdığını deyib.

Səfir qeyd edib ki, Azərbaycan prezidentinin imzaladığı sərəncamlara əsasən ölkədə turizm sənayesinin inkişaf etdirilməsi üçün viza rüsumu azaldılıb, “ASAN viza” sistemi yaradılıb. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən də elektron viza ala bilərlər. Bu il martın 15-dən başlayaraq isə İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilir.

B. Hüseynov M. Al-Haşimi Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.

M. Al-Haşim dəvət üçün təşəkkürünü ifadə edərək Bakıya, eləcə də Naxçıvan Muxtar Respublikasına səfər etməyi düşündüyünü, gələcəkdə münasib vaxtda bu ziyarətin baş tuta biləcəyini vurğulayıb. O, İranın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini söyləyib.

M.Al-Haşim Dağlıq Qarabağ münaqişəsinə işarə edərək, İranın münaqişələrin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu deyib.

Görüşdə Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov da iştirak edib.