Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edirdi. Tədbirə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz qatılmışdılar.

TOPLANTIDA SƏSLƏNDİRİLƏN ƏSAS FİKİRLƏR

“Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir” – Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışında Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, o zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı: “Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cu il əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”.

Beşinci toplantıdan sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger bildirib ki, nazirlər səviyyəsində keçirilən bu toplantı çox mühüm tədbirə çevrildi. “İtaliyadan olan nümayəndələr də TAP layihəsinin önəminə toxundular. Azərbaycan qazının İtaliyaya çatdırılması istiqamətində işlər gedir. Avropa üçün enerji təhlükəsizliyi çox mühüm məsələdir. Qarşıdakı 10 ildə isə qitədə təbii qazın önəmi daha da artacaq. Bizim üçün marşrutların və mənbələrin şaxələndirilməsi önəmlidir. Bu xüsusda Xəzər qazı, Azərbaycan qazı bizim üçün yeni mənbə, yeni marşrut deməkdir”, – deyə avrokomissar qeyd edib.

O bildirib: “Azərbaycan və SOCAR hazırda Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. Bu gün Cənub Qaz Dəhlizi tamamlandıqdan sonra növbəti ünvanlara genişləndirilməsi müzakirə olunur. Ümumi məqsəd isə növbəti 10 ildə Avropa istiqamətinə gedən qazın həcmi ən azı iki dəfə artırılsın, ildə 20 milyard kubmetr, hətta 25 milyard kubmetrə çatdırılsın”.

Türkmənistanın son iki ildə “Cənub Qaz Dəhlizi”nin iclaslarında iştirak etməsini, bu isə həmin ölkənin layihəyə qoşulmasında marağının olmasını energetika naziri Pərviz Şahbazov və həm də avrokomissar Günter Ottinger də xüsusi olaraq vurğuladılar.

QAZ MÜHARİBƏSİ GÜCLƏNİR

Rusiyanın “Yamal mayeləşdirilmiş təbii qaz (Yamal MTQ)” resursundan Avropaya Baltik dənizinin dibi ilə çəkilən “Şimal axını-2” boru kəməri layihəsi ilə nəqli baş tutsa, iqtisadi məngənə içinə düşən Kremlin ÜDM-si 3% artacaqdır. Rusiyanın bu layihəsi istər Avropa Birliyi dövlətləri içərisində, istərsə də AB ilə ABŞ arasında qarşıdurmanı kəskinləşdirir.

Rusiyanın Qərb üçün tələsi:

“The Economist” nəşrində dərc olunan redaksiya məqaləsi “Rusların Avropa üçün qurduğu tələ” adlandırılıb. Məqalədə qeyd edilir ki, 1200 kilometr uzunluğa malik 11 milyard dollarlıq bu layihənin Kreml üçün siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətindən böyükdür. Müəlliflər Moskvanın siyasi qazancının əsas üç aspektini göstərirlər: Moskva Ukraynadan asılılığını qurtarır, artıq bu ölkədən keçən boru kəmərinin əhəmiyyətsizliyinə nail olub, bu ölkə ilə istədiyini edə bilər. Kreml Baltikada çəkdyi “Şimal axını – 2”-nin təhlükəsizliyini bəhanə edib,bu dənizboyu keçmiş sovet respublikaları üçün hərbi təhdid bazası yaradacaq. İkinci aspekt: Rusiya Avropanın özündən asılılığını artıracaq. Rusiyanın Baltikyanı ölkələrdə, Ukraynada, Cənubi Qafqazda, Yaxın Şərqdə “şıltaqlıqlarına” Avropa yalnız sözdə etiraz edəcək. Üçüncüsü: ordusunu modernləşdirmək üçün Rusiyaya lazım olan miqdarda xərcləri bu kəmərlər ödəyəcək. Müəlliflər xüsusi vurğulayırlar ki, “Şimal axını – 2”-nin Putin üçün əsas xeyiri isə, Qərb ölkələri arasında ziddiyyətləri dərinləşdirməsidir.

Alman maraqları “uber alles”:

Belə ki, başda Angela Merkel olmaqla Almaniya bu layihəni dəstəkləyir. Bunun bir neçə səbəbi var. Əvvəla, hələ fevralın əvvəlində Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer  qaz kəmərinin tikintisini Almaniyanın maraqlarına xidmət edən kommersiya layihəsi kimi qiymətləndirib. Alman Xristian-Demokratik İttifaqı partiyasını təmsil edən nazir “Die Welt” qəzetinə verdiyi müsahibədə bildirib ki, “hər bir ölkə doğru bildiyi iqtisadi və ticarət münasibətlərini saxlayacaq tərəfi seçməkdə azaddır”. Bu kəmər Almaniya üçün gəlir, kəmərin Baltik dənizi sahillərindən çıxaraq keçdiyi alman torpaqlarında iqtisadi inkişaf və yeni iş yerləri demək olacaq.

İkincisi, Almaniya daxilində bu layihənin dəstəklənməsi Angela Merkel hökumətinin mövqelərini möhkəmləndirir. “The Economist” nəşrindəki məqalənin müəllifləri diqqəti belə bir məqama çəkirlər ki, kansler A.Merkelin 2011-ci ildə bütün atom stansiyalarını bağlamaqla bağlı səhv qərarından sonra alman biznesinin tələbləri qalan hər şeyi üstələyib. Merkel koalisiyasında sosial demokratlara – “Şimal axını – 1” və “Şimal axını – 2” boru kəmərlərinin qatı tərəfdarlarına bel bağlayır. “Almaniyanın sabiq kansleri Gerhard Şröder (Gerhard Schröder) hazırda “Şimal axını – 2” və “Rosneft” şirkətinin direktorlar şurasının tərkibinə daxildir” – deyə məqalədə bildirlir.

Həmçinin, Avropanın beş şirkətinin – “Engie”, “OMV”, “Shell”, “Uniper” və “Wintershall” maliyyə dəstəyi ilə boru kəmərinin tikintisinin ilin sonunadək başa çatacağı gözlənilir. Bu transmilli şirkətlərin lobbisinin Almaniya və Fransa kimi ölkələrin siyasi elitasına təsiri az deyil.

Haqqın.az saytına şərhində ABŞ Ceymstaun Fondunun analitiki Vladimir Sokor bildirb ki, 2017-ci ildən bu günədək Aİ-də Avstriya və Bolqarıstan sədrlik edirdilər. “Şimal axını-2” onların milli maraqlarına zidd idi. Çünki Bolqarıstan, Serbiya, Macarıstan və Avstriya Aİ-də Ukrayna məsələsinə görə prinsipial mövqe tutmuşdular. Həm də, hər üç dövlətə xeyir gətirəcək “Türk axını-2” layihəsinə qarşı bütün Aİ ölkələri çıxış etdiklərinə görə, onlar da bu layihədən imtina etdilər. İndi isə, onlar “niyə bizə olmaz, almanlara isə olar?!” prinsipi ilə “Şimal axını-2” layihəsinə qarşı mövqe sərgilədilər. Aİ-yə hal-hazırda Rumıniya sədrlik edir ki, ona da Almaniyanın təsiri hamıya bəllidir.

Ukrayna da Almaniyanı az qala xəyanətdə ittiham edir. Çünki “Şimal axını – 2” layihəsi işə düşsə, Ukrayna ərazisindən Avropaya qaz nəqli üçün artıq Moskva Kiyevə 1 qara “kopeyka” da verməyəcək. Hətta, bu nəqli dayandıra da bilər. Bu isə, Kiyev üçün həm maliyyə, həm də siyasi zərbədir. Sonuncu səbəb onunla qaynaqlanır ki, Kiyev daima Kreml ilə siyasi münasibətdə onun qaz kəməri ilə şantaj metodundan istifadə edirdi.

Almaniya Ukraynaya vəd edir ki, Rusiya “Şimal axını – 2” layihəsini işə salsa da, Ukrayna ərazisindən keçən boru xəttinin işini dayandırmayacaq. Amma Kiyev bu vədlərə inanmır.

Alman-fransız müəmmalı konsensusu:

Vladimir Sokora görə, “Şimal axını – 2” layihəsində Rusiyanın “Qazprom” şirkəti qazın həm daşıyıcısı və həm də satıcısı kimi çıxış edir. Bu isə AB qanunverciliyinə görə monopoliyadır. AB Rusiya qarşısında 3 şərt qoyub: 1) qazın satış hüququ “Şimal axını – 2” boru xəttinin mülkiyyət hüququndan ayrı olmalıdır; 2) boru xətti ilə yalnız Rusiyanın deyil, digər ölkələrin də qazı nəql edilməlidir; 3) “Qazprom” borunun sahiblik hüququndan imtina etməlidir və qaz borusunun keçdiyi ölkələrə tranzit haqqı ödəməlidir.

Şərqi Avropa, Baltikyanı ölkələrin, hətta avstriyalıların tələblərini qulaqardı edən Almaniyanı boru məsələsində yeganə olaraq Fransanın mövqeyi narahat edirdi. Amma ötən həftə KİV-lərə verilmiş məlumata görə, obyekti dəqiq bilinməyən məsələlərdə iki ölkə konsensusa gəliblər. Fransız cəmiyyətində Makronun Merkellə razılaşması birmənalı qarşılanmayıb.  “Le Figaro” nəşrinin şərhçisi Loren Şalar yazır ki, “… Emmanuel Makron, çox güman, özü də başa düşmədən Vladimir Putinin xeyrinə iş görür, çünki onun kursu Kremlin planına uyğun gəlir. Beynəlxalq siyasətdə kiçik təcrübə, hakimiyyətə gəlməklə bağlı geosiyasətdə əhəmiyyətsiz (hətta mövcud olmayan) biliklər və ətraf çevrənin pis məsləhətləri – bütün bunlar ona gətirib çıxarıb ki, Angela Merkel və ya Vladimir Putin kimi tülkülərlə müqayisədə Fransa prezidentinin  beynəlxalq arenada xüsusi çəkisi yoxdur”.

Bilinən odur ki, AB-nin quru ilə çəkilmiş borulara münasibətdə qanunvericiliyi sualtı borulara da şamil edilib. Bu qərarı AB-nin 27 ölkəsi dəstəkləyib, yalnız Sofiyadan başqa.

Bolqarıstanın mövqeyinə İtaliya da qoşulur. Çünki Roma da əvvəllər ehtimal edirdi ki, Rusiya qazından “Türk axını-2” boru layihəsi ilə ona pay çatacaqdı. Amma indi Roma bu fikirdədir ki, “Şimal axını – 2” ilə gələcək ixrac rus qazının böyük hissəsini Berlin qamarlayacaq.

Hələlik, Berlin “Şimal axını – 2” boru xəttinə AB-nin əksəriyyətinin neytral qalmasına nail olub. Amma iki həftədən sonra məsələ AvroParlamentdə müzakirəyə çıxarılacaq. “Qaz müharibəsinin” əsas döyüşləri onda başlayacaq.

ABŞ-ın möqeyi sərtləşir:

ABŞ-ın bu məsələdə mövqeyi birmənalıdır: “Qazprom”a — yox! “Şimal axını – 2” boru xəttinə — yox! Çünki ABŞ, bu boru layihəsində Avropa Birliyinə qarşı Rusiyanın əlində bir energetik siyasi dəyənəyin peyda olacağı əminliyindədir. İkincisi, layihədən gələn pullar sanksiyalar içində boğulan, amma hərbi qüvvələrini modernləşdirməyə, Ukraynada və Suriyada müharibə aparmağa davam edən Rusiyaya əlavə güc verəcək.  Hal-hazırda “Şimal axını – 2” qaz kəmərini kəskin şəkildə tənqid edən ABŞ layihənin reallaşdırılmasında iştirak edən alman şirkətlərinə qarşı sanksiya tətbiq etməklə təhdid edir. ABŞ bildirir ki, bu qaz kəməri Qərbin Rusiyaya münasibətini komediyaya çevirir və Amerikanın MTQ ixracına rəqabət təşkil edir.

Vaşinqtonu sakitləşdirmək üçün Almaniya Baltika sahillərində bir tərəfdən “Şimal axını – 2” kəmərini, o biri tərəfdən ABŞ-ın MTQ-si ilə dolu tankerləri qəbul etmək üçün yeni liman infrastrukturları yaradır. Amma Merkelin “sən də incimə, o da inciməsin!” prinsipi ilə siyasəti Vaşinqtonu qətiyyən qane etmir. Görünür, qarşıdakı günlərdə ABŞ-Almaniya qarşıdurmasının şahidi olacağıq…

AZƏRBAYCAN ÜÇÜN ŞANSLAR

Qərblə Rusiya arasında və Qərbin daxilində “qaz uğrunda” qarşıdurma gücləndikcə Azərbaycanın həm iqtisadi, həm də siyasi şansları artır.

Əvvəla, Cənub Qaz Dəhlizinin işə düşməsi üçün Azərbaycana qarşı güclü siyasi təzyiq yoxdur. Öncə, Rusiya bu Dəhlizdə özünə rəqib görmür. Çünki Rusiyanın qaz ehtiyatı və qaz nəqli sistemi Azərbaycanla müqayisə edilə bilməyəcək dərəcədə nəhəngdir.

Almaniya və Fransa “Türk axını-2”yə qarşı ona görə çıxış edirdilər ki, həmin boru xəttinin işləməsilə Rusiya qazının müəyyən hissəsi Bolqarıstanın və İtaliyanın nəzarətinə düşə bilərdi. Amma Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya gedəcək qaz Azərbaycanındır və onun həcmi də böyük deyil. Bolqarıstanı, İtaliyanı, bəzi Balkan və Şərqi Avropa dövlətlərini razı salmaq üçün Almaniya nəinki, Cənub Qaz Dəhlizinə razıdır, hətta, 2018-ci ilin martında Almaniya CQD üçün 1,5 milyard dollar maliyyə ayırdı.

İkincisi, Azərbaycan üçün bu qaz dəhlizi neft qədər də olmasa, gəlir mənbəyidir.

Üçüncüsü, Azərbaycan regionda öz önəmini artırır. Şimaldan, ya cənubdan hər hansı bir təcavüzün riskini azaldır. Çünki bu istiqamtlərdən mümkün hərbi təcavüz başqa layihələr kimi, CDQ-yə də sərmayə qoymuş Qərbin ciddi təpkisinə yol açmış olacaq.

Dördüncüsü, CDQ işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində Azərbaycanın mövqeyini gücləndirəcək. Aprel döyüşləri göstərdi ki, istər şimaldan, istər cənubdan, istərsə də xristian Qərbdən Azərbaycana təzyiq əvvəlki illər qədər birmənalı deyildi. Əgər Azərbaycan ordusu davamlı olaraq işğalçıların mövqelərini, infrastrukturunu yerdən və göydən məhv etməyə başlasa, ordumuz irəli getmədən, düşmən mövqelərini yalnız yerdən və havadan mərmi və raketlərlə məhv etsə, hər ay onlarla, yüzlərlə işğalçı dığacığının “tabutlanmasını” reallaşdırsa, nə Qərb, nə şimal, nə də cənub səsini çıxarmayacaq. Axı, Azərbaycan ordusu hücuma keçmir, sadəcə atəşkəsi pozmuş işğalçılara öldürücü zərbələr vurur, işğal edilmiş torpaqlarımızı düşmən üçün cəhənnəmə çevirir. Kim Azərbaycana, yəni, Qərb üçün karbohidrat nəqli boru kəmərlərini təmin edən ölkəyə nəsə irad tuta bilər?

Qarxunlu

 “Millətçilik” qəzeti