Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inki­şafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırladım ki, belə bir önəmli sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Adıçəkilən Dövlət Proqra­mının uğurlu icrası nəticəsində son illər ərzində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kim­ya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında dövlətimizin başçısı bu barədə ətraflı danışıb. Ölkə rəhbəri çıxışında qeyri-neft sektorunun inkişafını qarşıdakı illərdə ölkənin əsas prioriteti elan edib, bunu respub­likanın müvafiq iqtisadi qurumları qarşısında bir vəzifə olaraq qoyub. Eyni zamanda, iqtisadiyyatda dayanıqlı inkişafa nail olmaq üçün çox ciddi islahatlar aparılacağını, iqtisadi inkişafın bundan sonra da qeyri-neft sektoru hesabına davam etdiriləcəyini xüsusi vurğulayıb.

Yeri gəlmişkən, hazırda respublikada fəaliyyət göstərən bütün sənaye parkları yüksək göstəricilər əldə edirlər. Bunu Sumqayıt Kimya Sənaye Parkının nümunəsində də aydın görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manat­lıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019- cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Bütün sənaye park və məhəllələrində, eləcə də Sumqayıt Kimya Sənaye Parkında yüksək istehsal göstəricilərinin qeydə alınmasının bir səbəbi də neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olmasının nəticəsidir. Belə bir vəziyyət ondan xəbər verir ki, neft sektoru qeyri-neft sənayesində iqtisadi artıma dominant olaraq təsir göstərir.

Yeri gəlmişkən, hazırda qeyri-neft sektorunda nəzərə çarpan dinamik artım 2015-ci ildən sonra dərinləşən islahatlar sayəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir. Aqrar sektorda da artım tempinin mövcud­luğu sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsinin diqqət mərkəzində saxlanılması ilə bağlıdır.

Azər VERDİYEV,
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri