Xızı sakinlərindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Report”a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən altı rayon sakini saxlanılıb.

Belə ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar 45 yaşlı Gülağa İmanbaxışov və “Qəzi” ləqəbli 34 yaşlı Qəzənfər Mobilov, həmçinin 36 yaşlıRövşən Qurbanov, 48 yaşlı Əlimirzə Rəsulov, 30 yaşlı Zülfüqar və 38 yaşlı Samir Qurbanovlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların üzərinə baxış keçirilən zaman Gülağa İmanbaxışovdan külli miqdarda, təmiz çəkisi 475 qram təşkil edən qurudulmuş marixuana, digər beş nəfərdən isə istehlak miqdarından çox narkotik maddə olan heroin və marixuana aşkar olunub.

Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.