“Azərbaycan Dəmir Yolları” QSC-nin yükdaşıma xidmətindən istifadə edən müştərilərə yükün lazımi ünvana çatdırılması prosesini onlayn izləmək imkanı yaradıla bilər.

Bu barədə “Report”a  səhmdar cəmiyyətinin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda qurumun mütəxəssisləri bu yeniliyin üzərində işləyirlər.

“2020-ci il üçün əsas prioritetlərdən biri 2017-ci ildən yaradılmasına başlanılmış ADY SMART Avtomatlaşdırılmış İdarəetmə Sisteminin daha da inkişaf etdirilməsi, onun departamentin bütün xidmət və şöbələrini tam əhatə etməsiə nail olmaqdır, Bu baş tutduqdan sonra həm görülən işlərin keyfiyyəti artacaq, həm vaxta qənaət olunacaq, həm də daha effektiv nəzarət mexanizmi qurulacaq. Bununla da “Azərbaycan Dəmir Yolları” müştəri məmnuniyyətini artırmağı hədəfləyir”.

E.Əhmədov vurğulayıb ki, ADY SMART əməliyyat sistemində xüsusi olaraq “Müştəri xidmətləri” modulunun işlənib hazırlanması nəzərdə tutulub: “Müştəri özünün “şəxsi kabinet”i vasitəsilə ona məxsus yüklərin ölkə ərazisində hərəkətinə nəzarət etməklə yanaşı, yükdaşımalar üçün onlayn sifariş vermək, yükün vaxtında vaqonlarla təmin olunmasını izləmək, eyni zamanda vaqon parkının texniki vəziyyətinə, təmir normativlərinə nəzarət etmək imkanına malik olacaq”.