Məlum olduğu kimi, son vaxtlar Respublikamızda fiziki antropologiya elmi üzrə tədqiqatlar diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində “Antropologiya mərkəzi” yaradılmışdır.

 İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin rəhbərliyi altında Qəbələ rayonunda 2012-ci ildən etibarən aparılmış arxeoloji tədqiqatlar zamanı e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində saxsı qablarda uşaq qəbirləri aşkar olunmuşdur. Saxsı qablarda körpə uşaq dəfnləri son xalkolit (eneolit/mis-daş) dövrü Leylatəpə mədəniyyəti üçün xarakterik dəfn adəti idi və N.Müseyibli bu mədəniyyətin Ağstafa rayonunda qazdığı digər abidələrində (Böyük Kəsik, Poylu) də belə qəbirlər aşkar etmişdi.

 2018-ci ildə Skopus, Elibrary, EBSCO, Index Copernicus, Erih plus və d. elmi bazalarda indeksləşən “Stratum plus” beynəlxalq elmi jurnalının 2-ci sayında mövzu ilə əlaqədar N.Müseyiblinin Rusiya alimləri M.Mednikova və S.Korenevskiy ilə birgə məqaləsi (“Azərbaycanda xalkolit dövrü Qalayeri yaşayış məskənində  Leylatəpə mədəniyyəti uşaq dəfnləri: bioarxeoloji tədqiqatların təcrübəsi”) dərc edilmişdir.  Həmin abidədən aşkar edilmiş uşaq skeletlərinin arxeometrik təhlilinin ilkin nəticələri məqalədə öz əksini tapmışdır.

            2019-cu ilin əvvəlində Rusiya EA Arxeologiya İnstitutunun aparıcı elmi əməkdaşı, tarix elmləri doktoru, antropoloq M.Mednikovanın müəllifi olduğu “Balkan, Qafqaz və Yaxın Şərq erkən əkinçi mədəniyyətlərinin kontekstində uşaq bioarxeologiyası” kitabı geniş oxucu kütləsinə təqdim edilmişdir. Əsər Balkan, Qafqaz və Ön Asiyada neolit və erkən metal dövründə məskunlaşmış əkinçi əhalinin kiçik yaşlı uşaqlarının həyatlarının keyfiyyətinə həsr edilib. Müasir mikrofokuslu rentgenoqrafiya, mikrotomoqrafiya, radioloji  mikroskopiya, mass-spektrometriya analitik üsullarının tətbiqi istehsal təsərrüfatına yiyələnməkdə olan erkən əkinçilərin üzləşdiyi dəyişiliklərin miqyasını ölçməyə imkan vermişdir. Həmçinin, tədqiqat əsərində əkinçiliyə qədəm qoymuş ibtidai cəmiyyətlərdə uşaq fenomeninin tədqiqinin nəzəri və metodiki aspektlərinə toxunulmuşdur.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilmiş xəbərə görə, Cənubi Qafqazda erkən əkinçi mədəniyyətlər üzrə ixtisaslaşan mütəxəssislərin unikal tapıntı hesab etdiyi Qalayeri məskənindəki uşaq dəfnləri materialının arxeometrik tədqiqinin nəticələri məhz, M.B.Mednikovanın tədqiqatında xüsusi yer almışdır. Elmi monoqrafiyanın 4-cü fəslinin ilk iki bölümü məhz Qalayeri abidəsində N.Müseyiblinin aşkar etdiyi uşaq skeletlərinin analizinə həsr edilmişdir.

Qalayeri abidəsi saxsı qablardakı dəfnlərdən aşkar edilmiş uşaq skeletlərinin 3-nün (4-5 aylıqdan 4-5 yaş həddinədək) fraqmentlərinin arxeometrik analizlərinin nəticələrinə əsasən Azərbaycan ərazisində məskunlaşmış erkən əkinçi əhalinin həyat tərzi barədə maraqlı fikirlər irəli sürülmüşdür. Belə ki, 5800-6000 il bundan öncə vəfat etmiş uşaqlarda ciddi “C” və “D”  avitaminozu və onunla bağlı patologiyalar aşkar edilmişdir. Vitamin qıtlığı özünü sümüklərdə yaş həddinə uyğun olmayan inkişafdan geri qalmada daha qabarıq göstərib.

Sümüklərin kimyəvi, izotop tərkibi ilə Qalayeri abidəsinin xalkolit dövrünə aid torpaq təbəqəsinin eyni göstəricilərinin müqayisəsi maraqlı nəticələr vermişdir. Belə ki, körpələrin sümüklərinin kimyəvi və izotop göstəriciləri  Qalayeri məskəninin həmdövr torpaq strukturunun göstəriciləri ilə uyğun gəlmir. Mövcud fikirə görə, ən azından hamiləlik dövründə yeniyetmə analar mənsub olduqları tayfa ilə birgə Qalayeri abidəsi ərazisinə köçdən əvvəl digər bölgədə yaşamışlar.

N.Müseyibli hələ 2015-ci ildə “Azərbaycanın xalkolit dövrü mədəniyyəti” adlı kitabında Qalayeri yaşayış məskənində həmin dövrdə uşaq ölümlərinin statistikasının yüksək olduğunu yazmışdı. M.B.Mednikova apardığı tədqiqatlara əsaslanaraq belə bir fikir irəli sürür ki, uşaq ölümlərinin xalkolit dövründə bölgədə yüksək olmasını həm iqlim səbəbləri ilə, həm də sosial səbəblərlə izah etmək olar.

Qeyd edək ki, son dövrlərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların nəticəsində əldə edilmiş antropoloji tapıntıların müasir elmin tələblərinə uyğun arxeometrik analizlərinin nəticələri əcnəbi mütəxəssislərin ciddi marağına səbəb olmaqdadır.