100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza bəxş etdiyi ən böyük mənəvi-ideoloji dəyər — MİLLƏT və DÖVLƏTÇİLİK anlayışlarını formalaşdıran MİLLİ ÖZÜNÜDƏRK, daha ətraflı desək DÖVLƏTİ MİLLƏTÇİLİK, yəni AZƏRBAYCANÇILIQ ideyası idi.

HÜMMƏT TARİXİ DÖVRÜ

Şimali Azərbaycanda islamın gəlişi ilə Rusiya imperiyasının işğalı arasındakı min illik dövrü biz “islam dövrü” və ya özünüdərk dövrünün “hümmət mərhələsi” adlandırsaq yanılmarıq. Özünüdərk tariximizdə bu böyük dövr millətindən asılı olmayaraq hər bir kəsin özünü “müsəlman/müsəlman hümməti” kimi, hətta təriqətlər üzrə “sünni” və ya “şiə” kimi dərk etməsi ilə xarakterizə olunur. Bəzi tədqiqatçılar Səlcuqlar-Atabəylər dövründə ədəbi mühitdə, Səfəvilərin erkən sülalə dövründə, Qacar və Əfşarlar dönəmində uzun sürməyən, fraqmentar rəsmi yazışmaları əsas tutaraq milli ideyanın guya mövcud olmasını göstərməyə çalışırlar. Lakin biz islam dövründə türkcə müxtəlif çeşidli mənbələrin ərəb və fars dilindəki ədəbiyyatla müqayisədə ölçüyəgəlməz azlığını izləyirik. Bu isə, etnogenezində xristian dinini milli özünüdərk baxımından “özəlləşdirmiş” ingilislərdə, yunanlarda, ruslarda və d. millətlərdə olduğu kimi hər hansı formada milli özünüdərkin, “milli ideyanın” bizdə olmasını birməanlı sual altında qoyur. Ən yaxşı halda fraqmentar özünü göstərən “türk” identifikasiyasını milli özünüdərk kimi deyil, “etnik mənsubiyyət” kimi dəyərləndirə bilərik. Bu isə, fraqmentar idi. Məsələn, Nadir Əfşarın Osmanlılara yazdığı məktublarda “biz hər ikimiz türk kökündənik” və ya Naxçıvan xanlığı həmsərhəd Osmanlı sancaqbəylərinə yazdığı “şiə və sünni olsaq da, türkük, ona görə bizi mühasirəyə almış rus qoşunlarından yeganə siz qurtara bilərsiniz” kimi məzmunlu məktublar, milli özünüdərkin primitiv səviyyədə olduğunu, dominant rol oynamadığından xəbər verir.

MİLLİ ÖZÜNÜDƏRKƏ GEDƏN YOL

Azərbaycanda milli ideya tarixinə diqqət yetirsək görərik ki, türkçülük və azərbaycançılıq ideyasının yaranması faktiki eyni tarixi dövrə düşür, XIX əsrin ikinci yarısına. Bəzi tədqiqatçılar Abbasqulu ağa Bakıxanovdan etibarən milli ideyanın formalaşmasını göstərirlər. Amma əslində A.Bakıxanov sadəcə Rusiya imperiyasının işğalı nəticəsində, Qərbin müasir dünyabaxışının təsiri altında olan rus təhsil və ziyalı mühitinin yiyələndiyi rasional düşüncə sistemini qavramış ilk azərbaycanlılardan idi. A.Bakıxanovda biz açıq milli özünüdərk ideyasını görmürük, biz yalnız bu yola qədəm qoymuş azərbaycanlı türkünün transformasiyaya başlamış ictimai şüurunun təzahürünü görürük. Eynilə də M.F.Axundovun baxışları əslində beyinlərdə inqilab yaratdı. Dini cəhalətə, xürafatçılığa ciddi zərbə vurdu, rasional təfəkkür əsasında dünyabaxışı ortaya qoydu.

Maarifçilik mərhələsi M.F.Axundovla başlayıb – filosof Etibar Nəcəfovun bu fikri ilə birmənalı razılaşmaq olar. Dil islahatına gəldikdə, o, canlı xalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşmasına yönəldilmişdi. Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə və başqaları bu ideyanın təsiri altında öz əsərlərini adi adamların başa düşdüyü dildə yazmışdılar. XIX əsrin sonunda “Əkinçi” qəzetindən başlayan və XX əsrin əvvəlində “Həyat”, “Yeni həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi” kimi qəzet və jurnallar Azərbaycan xalqının milli şüurunun inkişafında çox mühüm rol oynamışdır.

Beləliklə, ədəbiyyat və maarifçilik təmsilçilərinin səylərinə görə Azərbaycanda millətçilik mədəni hərəkat kimi öz tarixi vəzifəsini yerinə yetirdi. Nəticə etibarilə Azərbaycan xalqının müəyyən hissəsi öz mədəni və etnik birliyindən hali oldu.

Filosof  E.Nəcəfova görə, Azərbaycanda millətçiliyin mədəni hərəkatdan siyasi hərəkata çevrilməsi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli Azərbaycan ziyalılarının nəzəri və siyasi fəaliyyəti ilə bağlıdır.

Siyasi millətçiliyin nümayəndələri fəaliyyətlərinin əvvəlində millətçi ideyaları, xüsusən Azərbaycan xalqının türk birliyi barəsində ideyanı açıq surətdə təqdir edə bilmirdilər. Filosof E.Nəcəfova görə, bu o faktla izah edilirdi ki, azərbaycanlılar özlərini dini xüsusiyyətlərinə görə eyniləşdirir, özlərini müsəlman hesab edirdilər. Onlar öz etnik birliyini anlamırdılar.

Zamanla siyasi millətçiliyin təmsilçiləri millətçi pan-türkist ideyasını təbliq etməyə başladılar. Əvvəlcə bu, bütün türk xalqlarının birləşməsi və birləşmiş türk dövlətinin qurulması kimi romantik bir ideya – “Turan” ideyası idi. XX əsrin əvvəlində azərbaycanlıların əksəriyyəti Azərbaycanın Türkiyə ilə birləşməsini istəyirdi. Onlar bu siyasi birləşməni Rusiya hökmranlığından xilas olmaq vasitəsi hesab edirdilər. 1918-ci ilin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin siyasi rəhbərlərindən biri Nağı Şeyxzamanlı öz xatirələrində qeyd edirdi ki, Azərbaycan xalqının siyasi müstəqilliyinin bəyan olunması üçün çox əlverişli şərait yaranmasına baxmayaraq, onlar Azərbaycanın siyasi müstəqilliyi ideyasını qəbul etmədilər.

Onlar azərbaycançılıq adlanan yeni milli-siyasi bir ideyanı irəli sürdülər. E.Nəcəfova görə azərbaycançılıq ideyası türkçülüyün konkret tarixi forması idi. O, Azərbaycan xalqının ictimai, iqtisadi, siyasi və mədəni inkişafının xüsusiyyətlərini ifadə edirdi və onların rifahının inkişafına yönəldilmişdi. Azərbaycançılığın nəzəri əsası üç istiqamətdə – türkləşmə, İslamlaşma və müasirləşmədə idi. Bu ideya Əli bəy Hüseynzadə tərəfindən onun “Həyat” jurnalında 1905-ci ildə irəli sürülmüşdü. Əli bəy Hüseynzadə azərbaycançılıqla türkçülüyü əlaqələndirməyə, ümumtürk miqyasını, yaxud kontekstini hər bir türk xalqının tərəqqisinin etnososial məkanı olaraq qəbul etməyə çalışır, gələcəyə mütəşəkkil şəkildə məhz “genotip”dən getməyin mümkünlüyünü deyirdi.

 Sonralar bu ideya Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinası olmuş və respublikanın üçrəngli bayrağında öz rəmzi ifadəsini tapmışdır. 1918-ci ilin mart ayına kimi azərbaycançılıq ideyasının tərəfdarları federativizm mövqeyində olmuşdular. Onlar hesab edirdilər ki, Azərbaycan və Rusiya arasındakı münasibət federativizm prinsipi əsasında olmalıdır. Lakin bolşeviklərin erməni silahlı qüvvələri ilə birləşərək 1918-cı il Mart soyqırımından sonra Azərbaycan milli azadlıq hərəkatının rəhbərləri federativizm ideyasını rədd etdilər. Onlar azərbaycançılıq ideyasını Azərbaycanın siyasi müstəqilliyinə nail olmasına yönəltdilər. 1918-cı il mayın 28-də bütün müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi:

“AXC, din bünövrəsi üstündə yaradılmış, başqa türk dövlətlərindən fərqli olaraq milli mədəni özünü təyinetmə, türk milli və demokratik pirinsipi əsasında qurulur”.

AXC-nin qurulması Azərbaycanda siyasi millətçiliyin inkişafında yeni mərhələ olmuşdur.

MİLLİ-DÖVLƏT AZƏRBAYCANÇILIĞI

ABŞ-ın tanınmış azərbaycanşünası, tarixçi Tadeuş Svyatoçovski də qeyd edirdi ki, islamçı, daha sonra sosialist kimi ideyaların tərəfdarı olan M.Ə.Rəsulzadə öz ideya inkişafında, artıq 1-ci Dünya müharibəsi ərəfəsində azərbaycançılığa yetişir. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən biri Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi:

“Tarixi təcrübə göstərir ki, bir tərəfdən dini və ruhani irticaçı hərəkatına dəstək vermək, digər tərəfdən müsəlman aləmində milli ideologiyanın formalaşmasına maneə olmaq müsəlman xalqlarının müstəqilliyinə yol vermir. Biz gərək bütün müsəlman dünyasında milli şüurun inkişaf prosesini gücləndirək, çünki milli mənliyin formalaşması sosial tərəqqinin səbəbi və milli müstəqilliyin əsasıdır.”

AXC dövrünün azərbaycançılığı Azərbaycan ərazisində yaşayan bütün insanların, xüsusilə də, Azərbaycan dövlətçiliyi ideyasını qəbul edən vətəndaşların bir milli ideyası olaraq təzahür etdi. Yəni, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı “azərbaycanlı millətinə” mənsubdur. Milli özünüdərkin bu forması müasir ABŞ-dakı “amerikanizm” ideyasına çox yaxındır. Qeyd edək ki, “amerikanizm” ideyası yalnız 60-cı illərdə irqçilikdən azad oldu və ad öz mahiyyətinə bütünlüklə cavab verdi. AXC-nin ideoloqlarının “azərbaycançılığı” isə, öz mahiyyətinə elə ilk günlərdən cavab verirdi. Belə ki, hətta İrəvan və Qarabağ regionunda azərbaycanlılara qarşı soyqırım siyasəti yeridən ermənilərin nümayəndələri belə, AXC Milli Məclisində millət vəkili qismində otururdu. Bu isə, “dövləti millət” məvhumu olan azərbaycançılığın nə qədər sub-universal bir ideya olduğunu göstərirdi.

“SOVET AZƏRBAYCANÇILIĞI” — İDEOLOJİ TƏXRİBATI

Bolşevik Rusiyası tərəfindən 1920-ci il 28 apreldə Azərbaycanın işğalından sonra 70 il sovet hakimiyyəti dövründə yeni, “sovet azərbaycançılığı” ideyası ortaya atıldı. “Sovet azərbaycançılığı” ilk növbədə azərbaycanlıların əsas hissəsini təşkil edən türklərin “türk” özünüdərkini yasaq edirdi. “Sovet azərbaycançılığı”nda etnik toplumlar “azərbaycanlı” məvhumundan kənarlaşdırılırdı. Yəni, “azərbaycanlı” — “türk” adı və özünüdərki yasaq edilmiş yalnız Azərbaycan türkləri ola bilərdilər.

Əslində, “sovet azərbaycançılığı” Azərbaycan xalqının və dövlətçilik ideyasının varlığına qarşı yönəlmiş ideoloji təxribat idi. Əvvəla, türk xalqlarının birliyinə qarşı ideoloji təxribat kimi rus və ermənilər tərəfindən ortaya atılmış bu doktrina “türk” özünüdərkini yasaq edirdi. İkincisi, etnik toplumları azərbaycanlı məvhumuna qarşı qoymağa hesablanmışdı. Bu ideoloji təxribatın ağır nəticələrini biz 90-cı illərdə bir tərəfdən kortəbii türk özünüdərkinin oyanışında, digər tərəfdən azərbaycançılıqdan uzaqlaşdırılmış etnik toplumlarda kənar rus və erməni qüvvələri tərəfindən separatçı ideyaların  qızışdırılmasına cəhdlərdə gördük.

MÜASİR DÖVRDƏ

Azərbaycan müstəqil olduqdan sonra da hələ də “sovet azərbaycançılığı” kimi milli özünüdərkə və dövlətçiliyə qarşı ideoloji təxribatın müddəaları yaşamaqdadır. Aydın məsələdir ki, milli azərbaycançılıq ideyasının təhrifinə yönəli rus və erməni ideoloqlarının uydurduğu “sovet azərbaycançılığı” ideyası ilə 70 il ərzində tərbiyə olunmuş nəsillərin beynindən bunu mexaniki çıxarmaq mümkün deyil. İndinin özündə belə, “sovet azərbaycançılığı”nın beyinlərdə qalmış təhlükəli müddəalarının təzahürünü izləyə bilərik: məsələn, bəzi soydaşlarımızdanAzərbaycanda əzəldən yaşayan hər hansı etnik toplum barədə “onlar azərbaycanlı deyil” və ya “azərbaycanlılar və etnik toplumlar” kimi bölgümüddəaları eşitmək olur. Hətta, dövlət orqanları Azərbaycanın etnik tərkibi barədə statistik məlumatlar toplayanda onların tərtib etdiyi rəsmi sənədlərdə “Azərbaycan türkü” qrafasını tapmaq olmur, bu qrafanı “azərbaycanlılar” əvəz edir. Yəni, mahiyyəti etibarilə, Azərbaycanlı milləti məvhumu anlayışı ilə ziddiyyət təşkil edən,Azərbaycan dövlətçiliyinin ideoloji bünövrəsinin altına qoyulmuş mina olan, erməni işğalçılarının xeyirinə işləyən anti-türk “sovet azərbaycançılığı”nın ibarələri yaşamaqdadır. Əlbəttə, biz heç də istisna etmirik ki, “türk” özadlanmasına və milli-dövlət azərbaycançılığına qarşı post-sovet dövrü Moskvasının allergiyası da eybəcər “sovet azərbaycançılığı”nın atavizm kimi hələ də qalmasında az rol oynamayıb.

Hal-hazırda 1918-ci ildə milli dövlətçiliyimizin əsasını qoymuş mütəfəkkirlərimizin azərbaycançılığına dönüş başlamışdır. Bu dönüş rəsmi səviyyədən daha çox, xalqın içində, ictimai şüurun təkamül yolu üzrə inkişafı ilə gerçəkləşməkdədir. Belə ki, sosial antropologiya üzrə mütəxəssis, professor Əliağa Məmmədli Azərbaycan  üzrə apardığı etnososial tədqiqatlarının nəticələrin həsr edilmiş əsərlərində qeyd edir ki, “türk” özadlanması əvvəlki kimi qəbuledilməz sayılmır, etnik toplumlarda isə, etnik özünədərklə yanaşı özünü “azərbaycanlı” kimi öztanıması da vardır. Professor Ə.Məmmədli bildirir ki, faktiki istər azərbaycanlı türklər, istərsə də talışlar, ləzgilər, kürdlər və d. içində özünədərk iki pilləli xarakterdədir, ilk yerdə tarixi soy-kökə bağlı öztanıma gəlir, üst pillədə isə, “azərbaycanlı millətinə” mənsubiyyət.

Beləliklə, Azərbaycan dövlətçilik şüurunun bünövrəsi olan azərbaycançılıq, Azərbaycan dövləti millətçiliyi ideyası tarixin amansız sınaqlarına sinə gərərək yaşamaqdadır. Dövlətimizin və millətimizin əsasını təşkil edən bu müqəddəs qayənin əsası isə, 100 il əvvəl, 1918-ci il 28 mayda milli mütəfəkkirlərimiz tərəfindən qoyulmuşdur. Bizim və gələcək nəsillərimizin borcu, artıq 100 yaşı tamam olan bu mənəvi-ideoloji dəyəri, Yer planetində yad millətlər içində yalnız azərbaycanlıların yaratdığı bu modern ideyanı qoruyub saxlamaqdır…

Pərviz Elay

“Millətçilik”