Son dövrlər baş verən hadisələrə görə ölkədə sabitliyin pozulmasına, iğtişaşlara dəvət xarakterli bəyanatlar 3 mənbədən yayımlanır.

Bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Gəncədə baş verən iğtişaşlardan sonra xaricdən maliyələşən bəzi media orqanları və sosial şəbəkələrdə dövlət əleyhinə təbliğat aparan, sabitliyi pozmağa çalışan qüvvələr barədə danışarkən deyib. O bildirib ki, bu qüvvələri üç qrupa bölmək olar:

“Birinci qrup – Azərbaycanın daxil olduğu regionda geoplolitik maraqları olan güclərdir və bunlar həm ölkəmizdə, həm də bölgədə sabitliyin yaradılmasını istəmirlər.

İkinci qrup bizə düşmən mövqedə olan dövlətlərin orqanlarıdır. Məsələn, Ermənistana bağlı informasiya saytları və digər internet resursları. Ermənistan şəbəkəsi tərəfindən idarə olunan belə informasiya resursları dünyanın müxtəlif yerlərində mərkəzləşiblər.

Üçüncü qrup isə nəyin bahasına olursa-olsun, Azərbaycanda hakimiyyətə gəlmək ehtirası ilə yaşayan, ağına-bozuna baxmadan hər cür cəhdlə bədbəxt hadisələri hakimiyyətin adına yazıb, özlərinə bəraət almaq istəyən şəxslərdir.

Belə neqativ informasiyaların bir qismi anonim resurslardan yayımlanır. Ona görə də burada bir az həssas işləmək lazımdır. Təbliğat xarakterli informasiya tirajlayan KİV-lər insanları çaşdırmaq üçün müxtəlif variantlardan istifadə edir. Həmin informasiya resurslarının kimlərə məxsus olmasını müəyyənləşdirmək bir qədər çətindir”.

M.Ələsgərlinin sözlərinə görə, belə internet resurslarına qarşı mübarizə aparmaq üçün ən yaxşı metod vətəndaşların vaxtaşırı rəsmi və səhih informasiya ilə təmin olunmasıdır:

“Azərbaycanın həm hökumət, həm media nümayəndələri, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri fasiləsiz olaraq sosial şəbəkələrdə bəyanatlar yayaraq, hansı informasiyaların yalan, hansıların real olması barədə açıqlama verirlər. Hətta bəzi KİV rəhbərləri, dövlət qurumları gecə saatlarında belə sosial şəbəkələrdə və rəhbəri olduqları internet resurslarında müraciətlər ünvanlayaraq, qeyri-dəqiq mənbələrin yaydıqları informasiyaları təkzib edirlər.

Digər tərəfdən, ölkədə milli, dini və etnik zəmində ayrı-seçkilik yaradan, əks təbliğatla məşğul olan internet resurslarına qarşı hüquqi-inzibati yolla mübarizə aparılmalıdır”.

Professor, media eksperti Qulu Məhərrəmli isə belə məqamlarda informasiya siyasətinin mühüm olduğunu deyib:

“Ölkənin ikinci ən böyük şəhərinin İcra Hakimiyyətinin rəhbərinə sui-qəsd olunur, bu haqda müxtəlif informasiyalar yayılır və icazəsiz aksiya keçirilməsinə cəhd göstərilir. Bununla bağlı Azərbaycan informasiya məkanına müdaxilələr edilir. Məqsəd Azərbaycanda mövcud olan sabitliyi pozmaq, əhalinin dövlətə olan inamını sarsıtmaq, vəziyyəti gərginləşdirməkdir.

İndiki halda problem informasiya təhlükəsizliyinin təmin edilməsidir. İnformasiya təhlükəsizliyini təmin etmək üçün milli saytlar, qəzetlər, eləcə də digər media qurumları operativ məlumatlar yaymalıdır. Yalan informasiyalar və şayiələrlə mübarizə aparmağın ən yaxşı yollarından biri budur.

İnformasiya təhlükəsizliyinin pozulması zamanı həssas məqamlardan biri də cəmiyyətin rəsmi və qeyri-rəsmi məlumatlara inamsız yanaşmasıdır. Etibarlı informasiya daşıyıcıları insanları inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, bu məsələni qaydaya salsaq, etibarsız informasiyalar, bomba kimi Azərbaycan informasiya mühitinə atılan xəbərlər heç bir effekt verməyəcək”.

Ekspert Azərbaycanda dini zəmində qarşıdurma yaradılmasının mümkünsüz olduğunu söyləyib:

“Azərbaycan cəmiyyəti tolerantlıq, eləcə də multikultural dəyərlər baxımından saf cəmiyyətdir. Belə bir cəmiyyətdə etnik, dini, milli zəmində qarşıdurma yaratmaq demək olar ki, mümkün deyil”.

Qeyd edək ki, “Nuraz.com”, “Abna.com”, “Aran.news”, “Qafqaz.ir”, “Rasthaber.com”, “Ru-clip.ru” və digər saytlar antiazərbaycan təbliğatı ilə tanınırlar. Xüsusən bu saytların Mingəçevir İES-dəki qəza və Gəncədə baş verən terror hadisəsi zamanı qızışdırıcı materiallar yayması diqqət çəkir.