Krasnoyarsk diyarının Gömrük İdarəsinin əməkdaşları Krasnoyarsk şəhərindən külli miqdarda pulu Azərbaycana keçirməyə cəhd edən Rusiya sakinini saxlayıb.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.

O, Krasnoyarsk hava limanında gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi təqdim edilməsini tələb edən mal və ya pul vəsaitinin olmadığını söyləyib. Lakin onun üzərindən 19 mindən çox ABŞ dolları, 800 min rubl və 100 manat aşkar edilib. Başqa sözlə, Rusiyada gömrük bəyannaməsi olmadan 10 min ABŞ dolları keçirilməsinə icazə verildiyi halda, saxlanılan şəxsin üzərində nağd vəsaitin ümumi məbləği təqribən 32 min ABŞ dolları və ya 2 milyon rubldan çox olub.

Rusiya vətəndaşına qarşı istintaq başladılıb. O, böyük məbləğdə cərimə və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.