Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.