“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Bakıxəbər.az-a verilən məlumata görə,Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib.


Oleq Belozyorov iki ölkənin dəmir yolları arasında əməkdaşlığın hazırki
vəziyyətindən danışıb, bu əlaqələrin müsbət dinamikasını qeyd edib. Beynəlxalq
nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri
olduğunu bildirən Belozyorov bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat
Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Trans-Sibir
magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında
sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel
ayında Pekində keçirilən "Bir Kəmər – Bir Yol" İkinci Beynəlxalq Konfransı
çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.
Cavid Qurbanov öz növbəsində, Rusiya Dəmir Yollarının rəhbərinə bu
layihələr üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin
uğurla davam etdiyini bildirib. Görüş zamanı bu marşrutlar boyunca birgə
inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji
və təşkilati məsələlər də müzakirə edilib. Layihələrin təşviqi məqsədilə sərgilər,
konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil
olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin yaxın vaxtlarda,
daha dəqiq dekabrın sonunda Tokioda (Yaponiya), yanvarın axırında isə Nyu-
Dehlidə (Hindistan) keçirilməsi nəzərdə tutulur.