Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik.

Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb.

Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir.

Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir. Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır.

2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində “Xankəndi” gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər.

Bu ilin may ayında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası başa çatıb. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir”.

(Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışından)