Sentyabrın 27-də səhər saat 06 radələrində “ermənistan” adlı qondarma qurumun silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub, təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

Azərbaycan Respublikasının rəsmi mənbələrinin verdiyi məlumata görə, Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatlarını davam etdirməkdədir.

Yaranmış durumla əlaqədar olaraq Azərbaycan Milli Demokrat Partiyası bəyan edir:

Erməni işğalçılarının növbəti hərbi təxribatları bir daha nümayiş etdirdi ki, işğalçı ilə hər hansı sülh danışıqlarının aparılması üçün bütün imkanlar riyakar və qeyri-konstruktiv siyasət aparan təcavüzkar “ermənistan”ın hərbi-siyasi rəhbərliyi tərəfindən tükəndirilmişdir və bundan sonra hərbi meydanda baş verəcək bütün dramatik hadisələr üçün təcavüzkar “ermənistan respublikası” cavabdehlik daşımaqdadır.

Əzəmətli Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verərək başladığı əks-hücumu və anti-terror hərəkatını düşmən üzərində tam qələbəyə və torpaqlarımızın tam azad edilməsinədək dayandırmamalıdır!

 Düşmənin arxasında dayanan bəzi anti-türk, islamofob, ermənipərəst irqçi qüvvələrin “təcili atəşin dayandırılması”, “təcili sülh danışıqlarının bərpası” kimi demoqogik çağırışlarına əhəmiyyət verilməməli və onlara diplomatik sahədə erməni təcavüzündən Azərbaycan torpaqlarının tam qurtulması barədə beynəlxalq qanunlara və BMT-nin müvafiq qətnamələrinin müddəalarına uyğun xalqımızın ədalətli tələbi birmənalı şəkildə çatdırılmalıdır.

 Belə bir dramatik durumda cəmiyyətimizin millətçi kəsimini təmsil edən Azərbaycan Milli Demokrat Partiyası respublikamızın ərazisində və xarici ölkələrdə fəaliyyət göstərən soydaşlarımızın bütün siyasi və ictimai təşkilatlarını milli birlik, düşmən üzərində qələbə, Dövlətimizin və Xalqımızın fiziki məhvdən xilası üçün Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birliyə çağırır.

Azərbaycan Milli Demokrat Partiyası Millətimizin milli mənafeləri və mövcudluğu amilini əsas tutaraq Dövlətçiliyimizin və Dövlət Başçımızın yanında olacaqdır. 

Azərbaycan Milli Demokrat Partiyası Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox tezliklə torpaqlarımızın yağı düşməndən azad edilməsinə əminliyini bildirir.

Biz haqlıyıq! Qələbə bizimlədir!

 

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının

sədri :       Tufan Kərim

Bakı ş., 27 sentyabr 2020-ci il