AzMDEP, respublikada qanunçuluğun və siyasi ədalətin bərpası istiqamətində hüquq-mühafizə orqanlarının son dövrlərdə vəzifəsindən sui-istifadə etmiş bəzi vəzifəli şəxslərə münasibətdə apardıqları ifşaedici tədbirləri dəstəkləyir. AzMDEP bildirir ki, ərazilərinin bir qismi düşmən tapdağında, yağı düşmənlə müharibə şəraitində olan Vətənimizin və Xalqımızın bu dramatik dönəmində Xalqımız və Dövlət Başçısı tərəfindən göstərilən etimada uyğun təyin edildiyi vəzifədən bəzi məmurların sui-istifadə etməsi, dövlət əmlakını mənimsəməsi ağır cinayət kimi dəyərləndirilməlidir. Bu çeşiddən olan cinayətlər təkcə qanunsuz yolla gəlirin əldə edilməsini ehtiva etmir, cinayət birbaşa dövlətin təhlükəsizliyinə, xalqın öz hökumətinə olan inamına qarşı yönəlmiş təxribatdır, Azərbaycan Dövlətinin məhvinə çalışan yadelli düşmənlərlə işbirliyi kimi səciyyələnməlidir və bu çeşiddən olan cinayətlərin vurduğu ziyan ölçüyəgəlməzdir. AzMDEP, istər icra hakimiyyəti strukturlarında, istərsə də Mədəniyyət Nazirliyi kimi hər hansı bir dövlət orqanının  bəzi yüksək məmurlarının vəzifədən sui-istifadəsinin qarşısının alınmasını sosial ədalət və qanunun aliliyinin təsbit olunması, bunun da öz növbəsində Azərbaycan Respublikasının hüquqi dövlət olduğunun vurğulanması anlamına gəldiyini bildirir.

        AzMDEP, sosial ədalət prinsiplərinə, qanunçuluğun təsbitinə yönəlik bu təqdirəlayiq tədbirləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən sərgilənmiş ən ali səviyyədə prinsipial iradənin təzahürü kimi dəyərləndirir.  

 

10 may 2020-ci il                     mdp_inform@yahoo.com.tr