Aprelin 15-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurası video rabitə vasitəsilə növbəti iclasını keçirmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Ölkə Başçısının çıxışını yüksək dəyərləndirir. COVİD-19 koronavirusunun Millətimizin sağlamlığı üçün yaratdığı təhlükə, ölkə daxilində epidemiya və dünyada pandemiya ilə bağlı respublikamızın iqtisadi, elm, təhsil, mədəniyyət sahələrində yaranmış problemlər və əsasən də arxasında dünya güclərinin dayandığı erməni işğalçılarının yaratdığı təhlükə fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və hökumətin götürdüyü ölçüləri, AzMDEP tam operativ duruma uyğun atılmış addımlar hesab edir.

AzMDEP, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışındakı xarici anti-Azərbaycan, ermənipərəst qurumların və onların ölkəmiz daxilindəki maşalarının mənfur fəaliyyəti barədə səsləndirilmiş fikirlərlə tam həmrəyliyini bildirir. AzMDEP xüsusi olaraq vurğulayır ki, bir tərəfdən erməni işğalçıları, digər tərəfdən koronavirus pandemiyası ilə bağlı Millətimizin sağlamlığı və Dövlətimizin mövcudluğu üçün dramatik bir dövrdə Milli Həmrəyliyin və Milli Birliyin bərqərar olması hər bir Azərbaycan vətənpərvərinin ümdə vəzifəsidir.

15 aprel 2020-ci il                     mdp_inform@yahoo.com.tr