Aprelin 11-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurası video rabitə vasitəsilə növbəti iclasını keçirmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVİD-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsini yüksək dəyərləndirməkdədir. AzMDEP bildirir ki, Türk Şurasının videokonfransında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı dünya, Türk Dövlətləri və Azərbaycan üçün dramatik bir dövrdə milli mənafelərimizə tam uyğun bir mövqedir və bu çıxışla Dövlət Başçısı erməni işğalı ilə üzləşmiş Azərbaycanın  koronavirus pandemiyasına qarşı mübarizədə dünyada mühüm və fəal rolunu göstərmişdir.   

AzMDEP, COVİD-19 pandemiyası ilə mübarizə üçün Azərbaycan hökumətinin atdığı bütün addımları, xüsusilə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını, ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə pandemiyanın mənfi təsirinin azaldılması məqsədilə dövlət büdcəsindən 1 milyard manat, zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 97 milyon manat vəsaitin ayrılmasını, yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv olunmasını, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına başlanılmasını, koronavirusa yoluxan xəstələrin müalicəsi məqsədilə 575 çarpayılıq yeni tibbi müəssisənin və ölkədə tibbi maskaları istehsal edən müəssisənin istifadəyə verilməsini və d. — təqdirəlayiq operativ fəaliyyətin nümunəsi kimi dəyərləndirir. AzMDEP xüsusi olaraq vurğulayır ki, bu tədbirlər dünyanın bir çox ölkələri ilə müqayisədə daha çevik və operativ atılmış düzgün addımlardır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktubda koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlər yüksək qiymətləndirilmişdir.

Eyni zamanda AzMDEP təəssüflə qeyd edir ki, bir tərəfdən bəzi dünya güclərinin dəstəklədiyi erməni işğalı, digər tərəfdən COVİD-19 pandemiyası ilə üzləşmiş Azərbaycanda bütün görülən işlərə baxmayaraq, “beşinci kolon” adlanan, xarici havadarlarının sifarişini yerinə yetirən AXCP, “Milli Şura” adlı marginal qrupcuqlar öz pozuculuq fəaliyyətini davam etdirməkdədirlər. Qeyd edilən qüvvələr pandemiya mövzusundan istifadə etməklə millətimizin sağlamlığının qorunması naminə atılan addımları şübhə altına qoymağa, ölkədə və cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər. AzMDEP həmin qrupcuqların başçılarının nəzərinə bunları çatdırır: bu qrupcuqlar həmişə olduğu kimi öz məkrli məqsədlərinə çatmayacaqlar, çünki tarix daim belə bir həqiqəti göstərir ki, Azərbaycan xalqı ermənipərəst xarici qüvvələrə bel bağlayan istənilən siyasi qrupun ardınca gedən deyil və bu cür qrupları dəstəkləyən ermənipərəst xarici qüvvələr öz “beşinci kolonunu” daim öz maraqlarına qurban vermişdir.