Avqustun 16-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP) sədri Tufan Kərim Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) fəalı Araz Yurdsevəni qəbul etmişdir.

Qəbulda AzMDEP ilə GAİP arasında mövcud əməkdaşlığın zamanın tələbinə uyğun perspektivləri barədə fikir mübadiləsi aparılmış, dünyada və regionda cərəyan edən siyasi proseslərin təhlili aparılmış, güney azərbaycanlıların milli hüquqları, erməni və d. anti-türk qüvvələrin ideoloji, informasiya  təxribatlarına qarşı mübarizə, Azərbaycan həqiqətlərinin dünya mediasında və Qərbin siyasi çevrələrində təbliği  və d. məsələlərə toxunulmuşdur.

GAİP fəalı Araz Yurdsevən AzMDEP sədri Tufan Kərim tərəfindən milli mücadilə işində göstərdiyi fəaliyyətə, azərbaycançılıq və vətənpərvərlik yönündə fədakarlığına görə, partiyanın xüsusi Fəxri Fərmanı ilə  təltif olundu. Həmçinin, AzMDEP sədri Tufan Kərim tərəfindən Azərbaycan və Türk Dünyasının tarixi, ideologiyası ilə bağlı əsərlər Araz Yurdsevənə hədiyyə edildi.

Səmimi və qarşılıqlı anlaşma mühitində keçən görüşdə AzMDEP sədrinin 1-ci müavini Eldar Tağıyev, partiya sədrinin müşaviri Qənimət Məmmədov, “Millətçilik” qəzetinin baş redaktoru Pərviz Elay, qəzetin redaktoru Sevda Əskərova və partiya fəalları iştirak edirdilər.
22 avqust 2019-cu il
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümü