Böyük Britaniyanın Kürək Çantalıları Cəmiyyəti (British Backpackers Society) təkbaşına hərəkətli səyahət həvəskarları üçün 2020-ci ildə mütləq səyahət olunmalı ölkələrin reytinqini dərc edib.

Bakıxəbər.az-ın xəbərinə görə, cəmiyyətin açıqlamasında deyilir ki, bu təşkilatın dünyadan üzvü olan bütün macəraçı turizm ekspertləri arasında keçirilən sorğu nəticəsində tərtib olunmuş reytinqdə Azərbaycan sözügedən mənada ən maraqlı ölkələr arasında 10-cu yeri tutub.

“Avropa ilə Asiyanın qovşağında, Xəzərin sahilində yerləşən Azərbaycan səyahətçilər üçün əsl xəzinədir. Şimalında füsunkar dağlar, cənubunda maraqlı palçıq vulkanları, qərbində cazibədar mədəniyyəti, şərqində Qafqazın ən diqqətəlayiq paytaxtı Bakı olduğu bu ölkə səyahətçilərə addımbaşı rəngarəng təəssüratlar bəxş edir”,- açıqlamada bildirilir.

Həmçinin ölkəmizdə turizm marketinqinin səmərəli milli strategiya həyata keçirildiyi üçün qarşıdakı on il ərzində turizmin “intəhasız artımı” baş verəcəyi də göstərilir.

Qeyd edək ki, 2009-cu ildə yaradılan cəmiyyət 2010-cu ildən mütəmadi olaraq hər il macərapərəstlər üçün belə reytinqlər tərtib edir.