Tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” kitabının təqdimatı keçirilib. Təqdimatda arxeoloqlar, müəllimlər və tələbələr, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açaraq son elmi araşdırmalar və arxeoloji tədqiqatlar əsasında yazılan əsərin elmi müəssisələr və universitetlərin əməkdaşları, arxeologiya ilə maraqlananlar üçün nəzərdə tutulduğunu bildirib.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü Vəli Əliyev Qafar Cəbiyevin fəaliyyətindən bəhs edərək bu əsərdə Azərbaycanın mərhum arxeoloqları haqqında bioqrafiyaların yer almasını yüksək qiymətləndirib, cəmiyyətin belə mühüm şəxsiyyətləri tanımasının əhəmiyyətindən danışıb.

Tarix üzrə elmlər doktoru, professor Əsədulla Cəfərov 14 bölmədən ibarət “Azərbaycan arxeologiyasının əsasları” kitabının sanballı əsər olduğunu, Azərbaycan arxeologiyasının problemlərini tam əhatə etdiyini bildirib.

Tarix üzrə elmlər doktoru, professor Şikar Qasımov isə Qafar Cəbiyevin təkcə ölkədaxili nəşrlərlə deyil, beynəlxalq konfranslarda məruzələr və nüfuzlu jurnallarda elmi məqalələri ilə Azərbaycan arxeologiyasını təmsil etdiyini diqqətə çatdırıb.

Qafar Cəbiyev tədbir iştirakçılarına minnətdarlığını bildirərək deyib ki, ölkəmizdə tarixi-mədəni irsə göstərilən dövlət qayğısından əhatəli şəkildə bəhs edən bu əsər əsasən arxeologiya ixtisası üzrə təhsil alan doktorant və dissertantlar, habelə ali məktəblərin magistr və bakalavr pilləsində tarix ixtisası üzrə təhsil alanların dərs vəsaiti kimi istifadəsi üçün nəzərdə tutulub. Vəsaitdə Azərbaycanda arxeologiya elminin inkişaf mərhələləri, arxeoloji dövrlər, arxeoloji mədəniyyətlər və son yüz il ərzində respublika ərazisində aparılmış arxeoloji tədqiqatlar barədə kifayət qədər dolğun məlumat verilib. Son onilliklərdə Azərbaycanın müxtəlif yerlərində aparılmış arxeoloji tədqiqatlar və onların ən mühüm nəticələrinin ilk dəfə olaraq bu formatda təqdimatı dərs vəsaitinin əsas üstünlüyü kimi dəyərləndirilə bilər.

Tarix üzrə fəlsəfə doktorları Həbibə Əliyeva, Elmira Abasova və Taleh Əliyev çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.