Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycan arxeologiyası” çoxcildliyinin növbəti ikinci cildi nəşr edilib. Çoxcildliyin “Azərbaycan arxeologiyası. Eneolit” adlanan yeni cildi İnstitutun “Eneolit və ilk tunc dövrü arxeologiyası şöbəsi” tərəfindən hazırlanmışdır. Azərbaycanın Eneolit dövrü abidələrinin tədqiqinə həsr olunmuş əsərin  müəllifləri görkəmli arxeoloqlar – İnstitutun “Eneolit və ilk tunc dövrü arxeologiyası şöbəsi”nin rəhbəri, t.e.d., professor Hidayət Cəfərov və mərhum arxeoloq, tarix elmləri doktoru İdeal Nərimanovdur.  Cildin  əsasında İ.Nərimanovun 1987-ci ildə nəşr olunmuş monoqrafiyası durur. Əsərin baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.e.d., professor Maisə Rəhimovadır.

Əsərin elmi redaktoru professor H.Cəfərov giriş hissədə qeyd etmişdir ki, “Azərbaycan, bütünlüklə Qafqaz və mübaliğəsiz deyərdik ki, dünya arxeologiyasının korifeylərindən olmuş İdeal Nərimanovun bizə miras qoyduğu Eneolit cildini çox cüzi əlavələrlə olduğu kimi oxuculara təqdim edirik”.

Əsərdə Azərbaycan eneolitinin geniş təhlili verilmiş, paleoekoloji fon, abidələrin yayılma arealı, qədim əhalinin tikinti texnikası, maddi-mədəniyyət nümunələri araşdırılmış və dövrün maddi mədəniyyəti əsasında həyat tərzi və təsərrüfatı barədə məlumat verilmişdir. Cilddə həmçinin, dövrləşdirmə və d. problemlərə toxunulmuşdur.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, cild səkkiz fəsildən ibarətdir. Əsərin birinci fəsli Azərbaycan ərazisində eneolit dövrünün öyrənilməsinin tarixinə həsr edilmişdir. Əsərin ikinci fəslində Azərbaycan ərazisində eneolit dövrü abidələri barədə həm xüsusi olaraq və həm də regional kontekstdə (Gəncə-Qazax, Mil-Qarabağ, Naxçıvan, Muğan, Şəki-Zaqatala, Urmiya-Cənubi Azərbaycan) məlumat verilmişdir. Cildin üçüncü, dördüncü və beşinci fəsilləri Azərbaycanın eneolit dövrünün qəbir abidələri, yaşayış yerlərinin topoqrafiyası, planlaşdırılması, memarlığı və abidələrin xronologiyası və dövrləşdirilməsi barədədir. Altıncı, yeddinci və səkkizinci fəsillər dövrün əkinçi-maldar tayfalarının təsərrüfatı, əlaqələri, təsərrüfat-məişət materiallarının təhlili, sənətkarlığı (daşişləmə, sümükişləmə, dulusçuluq, toxuculuq, metallurgiya və metalişləmə, qədim əhalinin ictimai münasibətləri və ideologiyası barədə əldə edilmiş nəticələr öz əksini tapmışdır.

Cilddə verilmiş 154 tabloda Azərbaycanın eneolit dövrü abidələrini göstərən xəritələr, abidələrin topoqrafik və stratiqrafik planlar, artefaktların foto şəkilləri və qrafik təsvirləri öz əksini tapmışdır.

 “Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunmuş əsər arxeoloqlar, antropoloqlar və həmçinin, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Qeyd edək ki, altı cilddən ibarət olacaq “Azərbaycan arxeologiyası” çoxcildliyi AMEA  Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən müəyyən edilmiş elmi təqvim planına uyğun hazırlanmaqdadır.