“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi ilə birgə onlayn tədbir keçirib. Müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirin əvvəlində İctimai Birliyin sədr müavini Həbib Misirovun redaktorluğu ilə hazırlanmış Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.
Tədbirin moderatoru BDU-nun dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı iştirakçıları İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlamış, eyni zamanda Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş məlumat vermişdir.
Sonra BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan “Aşıq Şəmşirin poeziyasında Heydər Əliyev obrazı” adlı məruzə ilə çıxış etmişdir. Natiq çıxışında bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir sovet dövründə yaşayıb-yaratmışdır, amma o, heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməmişdir. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaratmışdır.
Daha sonra Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Ləman Əyyubova “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti” adlı məruzə etmişdir. Məruzədə xüsusi vurğulanmışdır ki, ölkəmizdə 15 iyun – Mili Qurtuluş günündən başlayan uğurlu yol bu gün cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirlir.