Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

SİA bu və digər məsələlərlə bağlı Milli Məclisin deputatı Aqil Məmmədovun müsahibəsini təqdim edir.

-Aqil müəllim, dünyada koronavirusun dünyada tüğyan etdiyi bir zamanda Azərbaycanda sosial-iqtisadi layihələrin icrası tam sürəti ilə davam edir, o cümlədən, Prezident İlham Əliyev cənablarının regional və beynəlxalq siyasi arenada irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirilir. Siz bu faktorları necə şərh edərdiniz?

– Bildiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Sədrliyi ilə video-konfrans şəklində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası bu günə qədər dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirdi. Görüş çərçivəsində səslənən fikirlər, qarşılıqlı dəstək, həmrəylik və qəbul edilmiş yekun Bəyannamə, bu təşkilatın çox möhkəm əsaslarının olduğunu, həmçinin Azərbaycanın bu təşəbbüslə vaxtında və yerində addım atdığını bir daha sübut etdi. Xüsusilə, bir daha sübut olundu ki, dövlətimizin başçısı liderlik xarizması ilə həm də dünyada söz sahibi olaraq, bir sıra örnək addımlarını atmaqdadır.

– Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfrans müşavirə də keçirdi. Siz bu konfransda vurğulanan fikirləri və ölkə lideri tərəfindən qəbul edilən qərarlar barədə nə deyə bilərdiniz?

-Cənab Prezident İlham Əliyev ilk olaraq Azərbaycanda islahatların davam etdirilməsinin müsbət nəticələrə gətirib çıxardığını, eləcə də, iqtisadi və sosial göstəricilərimizin müsbət dinamika ilə artdığını vurğulamaqla yanaşı, həm də sosial layihələrin dayandırılmayacağını, ilin sonuna qədər həyata keçiriləcəyini vurğuladı. Bu amil də belə qənaətə gəlməyə zəmin yaradır ki, cənab İlham Əliyevin siyasətinin əsasında vətəndaş faktoru və sosial təminat reallıqları dayanır.

Digər tərəfdən, dövlət başçısı tərəfdən aparılan uğurlu xarici və daxili siyasətinin nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınmış, bu siyasət nəticəsində bütün sahələrin, o cümlədən iqtisadiyyatın təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğu bir daha sübut olunmuşdur.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü uğurla deməkdədir.

-Pandemiya dövründə ölkəmizin bu çətin vəziyyətdən uğurla çıxmasını necə izah edərdiniz?

-Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Məhz cənab Prezident tərəfdən əvvəlcədən düzgün istiqamətdə atılmış addımlar, görülmüş qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycan vəziyyəti nəzarət altında saxlamağı bacardı. Düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejim mərhələli yollarla sərtləşdirildi, nəticədə bu gün xəstələrin sayı aşağı səviyyəyə doğru enməkdədir. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan dövləti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır.

Daha bir amil ondan ibarətdir ki, aparıcı beynəlxalq maliyyə qurumlarının məlumatına görə pandemiyanın ölkələrin iqtisadiyyatına vurduğu mənfi təsirin aradan qaldırılması məqsədilə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciətlər edilib. Əvvəlcədən atılmış düşünülmüş addımlar nəticəsində ölkəmizin adı yardım almaq üçün müraciət edən ölkələrin siyahıda yoxdur. Bu, Azərbaycanın regional gücdən beynəlxalq gücə çevrilməsinin bariz sübutudur. Hətta ölkəmiz koronavirusdan ağır əziyyətlər çəkən dövlətlərə müxtəlif yardımlar etməkdədir.

Azərbaycan xalqının sağlamlığının mühafizəsinə gəlincə isə, deyə bilərəm ki, görülən tədbirlərdən ən başlıcası karantin rejimində əhalinin maddi vəziyyətinin təmin edilməsi, maddi imkanları məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılması olub.

Artıq pandemiyaya görə öz işini müvəqqəti olaraq itirmiş 600 mindən çox insanın dövlət tərəfindən dəstəklə təmin olunması işləri aparılır. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələrin verilməsi prosesi uğurla davam etdirilir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə cari ilin aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması da nəzərdə tutulmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.

Bu çox sevindirici gerçəkliklərdir. Çünki heç bir ölkədə qısa zaman kəsiyində belə bir addım atılmayıb. Dünyanı bürüyən koronovirus infeksiyası ilə mübarizədə Azərbaycan dövləti ən effektli tədbirlər görən ölkələr sırasındadır.

– Prezident İlham Əliyevin həmrəylik çağırışları çərçivəsində xalqın dəstəyini necə qiymətləndirirsiniz və karantin rejimi barədə hansı fikirlərinizi bölüşərdiniz?

Məlumdur ki, Azərbaycan dövləti təcili olaraq profilaktiki tədbirlər həyata keçirib, tez bir zamanda Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Ölkə ərazisində yoluxmanın qarşısını almaq məqsədi ilə karantin rejimi elan edilib, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirləri uğurla davam etdirilir. Ölkəmizdə elektron hökumətin formalaşdırılması, vətəndaşlarla dövlət məmurları arasında virtual əlaqənin yaradılması, distant təhsilə keçid və dövlət müəssisələrində çalışanların əmək haqlarının ödənilməsi şərti ilə məzuniyyətə buraxılması və bu kimi bir sıra tədbirlər əhalinin yoluxmasının qarşısını minimuma endirib. Artıq sağalanların da sayı sürətlə artır ki, bu da bizi çox sevindirir. Bu xüsusdan çıxış edərək əminliklə deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüskarlığı ilə atılan addımları bütün cəmiyyəti virusa qarşı həmrəy şəkildə birləşdirib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə vəsait ayrıldı. Bundan başqa, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə olundu, minlərlə Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edildi.

Bu gün də, pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər davam etdirilir.

Lakin o da diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır.

-Bəzi özlərini müxalifət adlandıran qaragüruhçu, marginal dairələr Azərbaycan dövlətinin xalqın sağlamlığı, rifahı üçün atdığı addımlara qarşı iftiralar atırlar. Belə davranışlara qarşı fikirlərinizi necə şərh edəərdiniz?

-Təəssüflər olsun ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımıza mane olurlar, hər cəhdlə bu inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışır, dayanmadan canfəşanlıq göstərərək, qarayaxma kampaniyaları ilə Azərbaycanın nüfuzunu ləkələməyə çalışırlar.

Lakin onlar unudurlar ki, bu cür kampaniyalar hər dəfə olduğu kimi yenə də özünü doğrultmayacaq. Çünki, bu qüvvələr istəsə də Azərbaycanın hər gün daha da artan nüfuzuna xələl gətirə bilməyəcəklər.

Bu baxımdan, hesab edirəm ki, məhz bütün bunlara görə, bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli, aparılan siyasətin nəticəsi olaraq iqtisadi gücümüz nəticəsində bu bəladan minimum itkiylə çıxaraq öz vətəndaş məsuliyyətimizi nümayiş etdirməliyik.

-Müsahibənizə görə çox sağ olun.

Rəfiqə HÜSEYNOVA