Düşənbədə bu il iyun ayının ilk yarısında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələrin dövlət başçılarının beşinci sammiti keçiriləcək.

Paytaxtın AQEM liderlərinin sammitinə hazırlığı bilavasitə Düşənbə meri Rüstəm Emoməlinin nəzarəti altındadır.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində AQEM ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib və forumda saədrlik 2018-2020-ci illər üzrə Çindən Tacikistana keçib.

Qazaxıstanın təşəbbüsü ilə 1992-ci ildə yaradılan AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində əməkdaşlığın gücləndirilməsi üzrə çoxtərəfli forumdur. Üzv dövlətlər BMT Nizamnaməsinə sadiqliklərini təsdiqləyərək, Asiyada sülh və təhlükəsizliyin dialoq və əməkdaşlıq yolu ilə əldə edilməsi məqsədi ilə toplaşıb.

Bu gün Azərbaycan da daxil olmaqla, 27 dövlət AQEM-in üzvüdür. Səkkiz ölkə və beş beynəlxalq təşkilat forumda müşahidəçi qismində iştirak edir. AQEM-in mənzil-qərargahı 2014-cü ildən etibarən Astanada yerləşir.