İstənilən müharibədə azad olunmuş ərazilərdə qalıqlar qalır və onların təmizlənməsi vaxt aparır. Azərbaycan dövləti hazırda işğaldan azad edilən yerlərdə ilkin infrastrukturun bərpası istiqamətində lazım olan bütün addımları atır. Lakin əfsuslar olsun ki, 30 ilə yaxın bir dövr ərzində erməni tərəfi işğal altında saxladığı şəhər və kəndlərimizdə gizlənmək üçün müxtəlif şəraitlər yaradıblar. Hadisələrin gedişatı, ermənilərin barbar və vandal hərəkətlərinin miqyası göstərir ki, onlar torpaqlarımızı geri qaytarmaq niyyətindən çox-çox uzaq olublar. Tikdikləri istehkamlar da bunun bariz nümunəsidir.

İşğaldan azad edilən bəzi yerlər, yüksəkliklər var ki, hərbçilərimiz ora müvəqqəti köçürülüblər, həmin ərazilərdə qısa zamanda yüksək səviyyəli infrastruktur işləri görmək çətin məsələdir. Qısa müddətdən sonra həmin hərbi mövqelərdə müəyyən dəyişikliklər olacaq. Ona görə də insanlarımız bir qədər səbrli olmalı, bəzi hərbi məsələlərə həssas yanaşmalıdırlar. Əsas odur ki, dövlət gərəkən bütün addımları atmağa çalışır. Şəraitin yaxşılaşdırılması, infrastrukturun qurulması istiqamətində ciddi addımlar atılır və zamanla bütün işlər öz qaydasına düşəcək.

Dünən Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı  qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücum etməsi Azərbaycana qarşı aparılan yeni hücum əməliyyatı deyil, işğalçı dövlətin vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir. Yaranmış vəziyyətə görə məsuliyyət isə tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib. Çünki Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində ermənilərin bu cəhdinin qarşısı alındı. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edildi. Təbii ki bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək və lazımı addımlar atılacaq.

Burada bəlli bir həqiqət var. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Heç kimin hərbi-siyasi dəstəyi olmadan, şanlı Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu baş verdi. Bu gün Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdədir. Ermənistanda Paşinyanı ittiham edirlər ki, satqın və xaindir, torpaqları satıb. Bunlar hamısı əsassız ittihamlardır. Ali Baş Komandanımızın söylədiyi kimi, Azərbaycan Ordusu Köçəryan və Sarkisyanın yaratdığı ordunu məhv edib. Bu ən mühüm məsələdir və hakimiyyətdə kim olursa olsun məğlubiyyəti qaçılmaz olacaqdı. Onsuz da Ermənistanın məğlubiyyəti labüd idi. Çünki Azərbaycan dövləti Ermənistana münasibətdə taqətdənsalma taktikasını həyata keçirərək, hər gün güclənir, möhkəmlənirdi. Bu bütün parametrlər üzrə baş verirdi. Ona görə də sadaladığım bütün bu reallıqlar fonunda Ermənistanın təxribat törədərək azərbaycanlıların Şuşaya, Xankəndinə, Xocalıya qayıtması planına qarşı çıxmaq cəhdi mənasızdır. Çünki Azərbaycan döyüş meydanında kimin kim olduğunu göstərdi.  Bu məsələdə xarici qüvvələrin və beynəlxalq təşkilatların da üzərinə böyük yük düşür. İkili münasibətlərə konkret olaraq son qoyulmalıdır. Ermənistan ciddi şəkildə cəzalandırılmalıdır. Çünki bu dövlət heç bir zaman beynəlxalq hüquqa əməl etmir. Lakin Ermənistan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik dərk etməlidir ki, Güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı