Uzun illərdir iqtisadi çətinliklər burulğanında çabalayan Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması bu ölkənin durumunu daha da ağırlaşdırdı. Qafqazın ən zəif, iqtisadi və sosial potensialı xeyli aşağı olan ölkəsində siyasi hakimiyyət dəyişikliyindən sonra hər şeyin öz axarına düşəcəyi gözlənilsə də, proseslər bunun tam əksini göstərdi.

Baş nazir Nikol Paşinyanın verdiyi vədləri yerinə yetirmək əvəzinə ölkəsini ölümcül müharibəyə cəlb etməsi erməni xalqını sözün əsl mənasında fəlakətə sürüklədi.  Ermənistanda daxili-siyasi vəziyyətin belə xaotik və gərgin vəziyyətə gəlib çıxacağı əvvəldən bəlli idi.Noyabr ayının 10-da Azərbaycanın Ermənistanı kapitulyasiyaya vadar edən atəşkəsi imzalatması Ermənistanda çoxdan yığılıb qalmış bu gərginliyi özünün pik həddinə çatdırdı.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Bu gün Ermənistanı Paşinyanın hakimiyyətindən daha çox xalqın meydanlarda Paşinyana təzyiq məqsədilə başlatdığı etiraz və təzyiq prosesləri və hərəkatı müdafiə edir. Bütünlüklə Ermənistanın daxili ictimai, siyasi həyatında hegemon qüvvə Paşinyanın hakimiyyəti yox, xalqın etirazlarıdır və Paşinyanın hakimiyyətinin yeni bir hakimiyyətlə əvəzlənəcəyi barədə ictimai inamdır. Vaxtilə Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş, faşizmi Ermənistan dövlətinin ideologiyasına çevirmiş sarkisyanlar, köçəryanlar, bir qrup cinayətkar Qarabağdakı məğlubiyyətə görə mövcud siyasi hakimiyyəti günahlandırır, Paşinyan da açıq şəkildə ona etiraz edənləri təhdid edir, ictimai fəallar Ermənistanın baş nazirinin trol fabriklərini ifşa edir, müxalifətin baş nazirliyə namizədi Manukyan isə xalqını “heyvan” adlandırır. Belə vəziyyət bir daha onu göstərir ki, Ermənistanı dərin xaos gözləyir. Sarkisyan-Koçaryan cütlüyünün bu gün yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür.

Artıq Ermənistanda cəmiyyət Paşinyanı istefaya göndərmək üzərində sıx şəkildə birləşməyə başlayıb, proses gedir. Əgər geosiyasi qüvvələr Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı konkret bir qərarla razılığa gələ bilsələr, Paşinyan hakimiyyətinin süquta uğraması və hakimiyyət dəyişikliyi qaçılmaz olacaq. Ancaq faktdır ki, bu gün Paşinyan ölkəyə nəzarəti itirib.
Göründüyü kimi Ermənistanda hələ uzun müddət hakimiyyətsizlik hökm sürəcək. Bundan sonra hətta hakimiyyətin və ya rejimin formalaşması istiqamətində hər hansı bir addım atılsa belə, siyasi gərginlik bir müddət davam edəcək. Bu da Ermənistanın ağır məğlubiyyətinin acısından oyanmağa imkan verməyəcək. Ümumiyyətlə, hazırda Ermənistan cəmiyyətində vəziyyətlə bağlı vahid mövqe mövcud deyil. Sadəcə olaraq bu gün cəmiyyətdə müəyyən qüvvələr yenə də Qarabağ kartından istifadə edərək özlərinin siyasi ambisiyalarını gerçəkləşdirməyə çalışır. Ümumiyyətlə isə Ermənistanda sağlam siyasi qüvvənin nə zamansa olması belə inandırıcı deyil. İndiki vəziyyətdə də bu dağıdıcı qüvvələrin Qarabağ kartı üzərindən özlərinin siyasi ambisiyalarının təmin olunması istiqamətində addımlar atması elə də təsirli olmayacaq.
Sonda onu qeyd etmək istərdim ki, torpaqlarımızın işğaldan azad olunması yalnız indiki iqtidarın deyil, Ermənistandakı millətçilərin, türklərə, Azərbaycana qarşı nifrət siyasəti yürüdən, bizi əbədi düşmən sayan qüvvələrin hamısının məğlubiyyəti oldu. Artıq sağlam qüvvələr də Azərbaycanın yanında görünürlər. Bu siyahıda Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna, Gürcüstan, İtaliya, eyni zamanda postsovet dövlətlərini də görə bilərik. Bununla da hər kəs ermənilərin bu şoularına, oyunbazlığına birdəfəlik son qoymağın vaxtı çatdığını anlamağa başlayır.