29 aprel tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində təşkil olunmuş videokonfransın qonağı AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, professor Vəli Baxşəliyev olub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, videokonfrans “Naxçıvanın neolit və eneolit abidələri” mövzusuna həsr olunub.

Videokonfransda professor Vəli Baxşəliyev aparılmış tədqiqatlardan əldə edilmiş materialların analitik təhlilinə əsaslanaraq Naxçıvanın neolit və eneolit dövrü abidələrinin, həmçinin, Azərbaycan Respublikasının cənub bölgələri və İran Azərbaycanında neolit və eneolit dövründə formalaşan mədəniyyətlərin ümumi və xarakterik xüsusiyyətlərindən söz açmışdır. Məruzəçi qeyd etmişdir ki, Azərbaycanda keramikasız neolit dövrünün aşkar olunmaması ehtimal ki, geniş arxeoloji tədqiqat işlərinin aparılmaması ilə bağlıdır. Lakin keramikalı neolit dövrünün ən qədim mədəniyyətləri olan Kültəpə və Şomutəpə mədəniyyətləri, neolit dövrünün sonrakı inkişaf mərhələsinə müəyyən təsir etmiş Qarabağda özünəməxsus xüsusiyyətləri ilə fərqlənən bir mədəniyyət formalaşmış, bu mədəniyyət isə Azərbaycanda sonrakı eneolit mədəniyyətinin təkamülündə müəyyən rol oynamışdır. Eyni zamanda Azərbaycanın neolit və eneolit mədəniyyətinin formalaşmasında, Şərqi Anadolu və Şimal-Qərbi İran (İran Azərbaycanı) ilə qarşılıqlı əlaqələrin müəyyən rolu olmuşdur.

Həmçinin, professor V.Baxşəliyev bildirdi ki, sön dövrdə Naxçıvantəpə və Xələc abidələrində aşkar edilmiş neolit təbəqəsinin tədqiqatları bölgənin neolit mədəniyyəti barədə yeni səhifə açmasına qdadır.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev videokonfransda iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun gənc arxeoloqlarının çoxsaylı suallarını cavablandırmışdır. Azərbaycan Respublikasının əməkdar elm xadimi, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik  Nailə Vəlixanlı videokonfransda iştirak etmişdir.