????????????????????????????????????

2013-cü ildən başlayaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Lüdviq və Maksimilian ad. Münhen Universitetinin (Almaniya) Ön Asiya Arxeologiyası İnstitututu Azərbaycan Respublikasının Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparırlar. Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiya tərəfindən Qaracəmirli kəndinin ərazisində aşkar olunan e.ə. V-IV əsrlərə aid sarayda arxeoloji tədqiqatları davam etdirməklə yanaşı, Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin  qeydiyyatı və həmin abidələrdə əsasən kəşfiyyat xarakterli qazıntılar aparılmışdı.

         Bu abidələrin kompleks şəklində öyrənilməsi, Şəmkir rayonundaki arxeoloji abidələrdən aşkar olunmuş materiallarla tanışlıq və onların analizi məqsədi ilə Beynəlxalq Şəmkir-Qaracəmirli ekspedisiyasının rəhbəri, t.ü.f.d. Emil İsgəndərov, Lüdviq və Maksimilian ad. Münhen Universitetinin (Almaniya) Ön Asiya Arxeologiyası İnstitutu Mədəni tədqiqatlar fakültəsinin Antik və müasir mədəniyyətşünaslıq departamentinin (Ludwig-Maximilians University, Fakulty of Cultural stadies, Department of Ancient and modern cultures) əməkdaşı, doktor Kai Kaniyut (Kai Kaniuth) və departamentin elmi işçisi  Mişaila Şauer (Michaela Schauer) AMEA Arxeologiya və Etnoqrafiya İnstitututunun Arxeoloji fondunda birgə araşdırmalar aparırlar.

         Doktor Kai Kaniyutun və Mişaila Şauerin bildirdiklərinə görə Şəmkir ərazisindəki abidələrdən aşkar edilmiş keramika nümunələri onların gətirdikləri müasir portativ rentgen-flüorestsens spektrometr (Handheld X-Ray Fluorescence Spectrometer) cihazları vasitəsilə tədqiq edilir. Cihazlar imkan verir ki, Azərbaycanın qədim əhalisinin keramika istehsalının texnologiyası barədə dəqiq və müfəssəl məlumatlar əldə edilsin. Digər tərəfdən, doktor K.Kaniyut AMEA Arxeologiya və Etnorafiya İnstitutunun Elmi Arxivində Azərbaycanın İlk dəmir — Antik dövrləri tədqiqatları üzrə toplanmış arxeoloji qazıntıların hesabatları ilə də tanış olmuşdur.  Elmi araşdırmaların nəticələri, dünyanın ən nüfuzlu dövrü elmi toplularında dərc ediləcək, Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə xüsusi elmi-tədqiqat əsərlərində öz əksini tapacaqdır.

         Beynəlxalq ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitututnun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərovun bildirdiyinə görə, müasir arxeoloji tədqiqatların səviyyəsi arxeometrik araşdırmaların nəticələri ilə ölçülür. Bu baxımdan almaniyalı həmkarların tədqiqatları dünya elmi çevrələrində Azərbaycan arxeologiyasının nailiyyətlərinin  tanınması işində növbəti töhfə olacaqdır.

  1. Doktor Kai Kaniyut
  2. Mişaila Şauer
  3. soldan – sağa: K.Kaniyut, Emil İsgəndərov və Mişaila Şauer