1918-ci il sentyabrın 15-də başda Nuru paşa olmaqla Osmanlı dövlətinin Qafqaz İslam Ordusu Bakını Rusiya imperiyasının qalığı olan erməni daşnak və imperialist Sentrokaspi zülmündən azad etdi.

AZADLIĞIN SİYASİ-HÜQUQİ TƏRƏFİ

Bəzi tarixçilər bunu daşnak-bolşevik, bəziləri daşnak-menşevik Sentrokaspi diktaturasının işğalı kimi göstərirlər. Tarixi ardıcıllığa baxsaq, görərik ki, faktiki olaraq əvvəlcə 1917-ci il Moskvada bolşevik partiyasının alman pulu və silahlı alman desantı (yeger batalyonu) hesabına hakimiyyəti zorla devirib tutması Rusiya imperiyasının parçalanmasına rəvac verdi. Parçalanma müxtəlif regionlarda müxtəlif sürətlə gedirdi. Baltikyanı millətlər, polyaklar və finlər açıq olaraq müstəqil dövlət yaratdıqlarını bildirdilər. Amma rus imperiyasının digər müstəmləkələrini rus bolşeviklər əldən vermək fikrində deyildilər. Rusiyanın daxilində qüvvə mərkəzləri arasında “vətəndaş müharibəsinin” başlanması yerlərdə azadlığ hərəkatını  gücləndirirdi.

Azərbaycan və xüsusilə də Bakı ərazisində durum faciəli idi. Bütün imperialist qüvvələri: istər bolşeviklər, istər menşeviklər, eserlər, monarxistlər və d. hamısı bu ərazilərin Rusiyanın tərkibində qalmasına çalışırdılar. Əllərində də hərbi qüvvələr var idi: həm rusların quru qoşunu, həm Xəzər dənizindəki rus donanması. Ayrıca olaraq rus imperiya ordusu tərkibindəki erməni batalyonlarını göstərmək olar ki, 1915-1917-ci illərdə Anadolunun şərqi və Qacar məmləkətinin şimal-şərqində, yəni Güney Azərbaycanda müsəlman — türk, kürd, laz əhalisinin yer üzündən silinməsində vəhşi təcrübə toplamışdılar. Bakıda cəmlənmiş erməni batalyonları içində daşnak partiyası faktiki əsas sözü deyirdi. Daşnaklar da maksimal “böyük hayastanın” yaradılması və ya minimal bu ərazilərin rus imperiyası tərkibində qalmasını məqsəd kimi qarşılarına qoymuşdular. Amma istər rus siyasi qüvvələri, istərsə də erməni qüvvələrinin planlarının gerçəkləşməsi qarşısında ən böyük maneə müsəlman əhali idi…

28 maydan sonra Azərbaycan hökumətinin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Osmanlı hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə erməni vəhşiliklərindən xilas etdikləri Urmiyadan sonra yerləşdikləri Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.

Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə gəlişi yenicə yaranmış Azərbaycan dövlətinə birinci paytaxtı verdi.Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi. 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Faktiki bu müqavilə dağılmış Rusiya imperiyasının bir müstəmləkəsi olmuş Azərbaycanda müstəqil dövlətin tanınması barədə ilk geniş beynəlxalq diplomatik sənəd idi.

QURTULUŞ VƏ GÜC

XIX əsrdə Quzey Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra rus çarizmi “filtrindən” keçmiş qabaqcıl Avropa elmi bilikləri, siyasi və mədəni dəyərləri bu ərazidə yaşayan müsəlman toplumunda qabaqcıl ziyalı təbəqəsinin formalaşmasına rəvac verdi. Müqayisə üçün deyək ki, Cənubi Azərbaycan nə Mirzə Fətəli Axundov, nə Hüseyn bəy Zərdabi, nə Əli bəy Hüseynzadə, nə Əhməd bəy Ağayev, nə Əlimərdan bəy Topçubaşov, nə Fətəli xan Xoylu, nə Məhəmməd Əmin Rəsulzadə, nə d. quzeyli ziyalılar kimi Azərbaycan xalqının qarşıdakı 100 ildə inkişaf istiqamətini müəyyən etmiş ziyalı ordusu yetişdirə bilmədi. Rus imperiyası tərkibində rus siyasi sistemi, erməni və gürcü millətlərinin milli özünüdərk və təşkilatlanma istiqamətində fəaliyyələridə yetişməkdə olan milli ziyalılarımız üçün örnək rolunu oynayırdı. Çünki bizim son minillik tariximizdə milli özünüdərk, millət, milli mənafe anlayışı yox idi. Öz milli dillərində milli dinlərinə malik ruslardan, gürcülərdən və ermənilərdən fərqli, Azərbaycan türklüyü  XIX əsrin sonunda belə, millət kimi formalaşmamışdı. Amma yadelli işğal və yad millətlərin örnəyi sürətlə bu geriliyimizi aradan qaldırırdı.

Erməni və gürcülərlə müqayisədə milli ziyalılarımız xalqın sayı nisbətində sayca az olsalar da, amma artıq var idilər. Yeganə çatışmayan qüvvə —hərbi qüvvə idi.

Doğrudur, ermənilərin təcrübəsini götürərək bizim qabaqcıl ziyalılarımız və vətənpərvərlərimiz də silahlı və hərbi qüvvəni formalaşdırmağa çalışırdılar. “Difai” bu baxımdan önəmli bir nümunədir. Lakin xalqın səviyyəsinə uyğun bu təşkilat milli ideya deyil, dini ideya — gizli siyasi cihad şüarı ilə yaranmışdı. Bu gizli hərbi müqavimət təşkilatı tərkibində ziyalılarımız, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov kimi milli qeyrət sahibi olan zənginlərimiz, həyatından keçməyə hazır vətənpərvərlərimizin olmasına baxmayaraq say, təşkilatlanma və silahlanma baxımdan erməni terror təşkilatları ilə müqayisəyə gəlməz dərəcədə geri qalırdı. Buraya biz rus imperiya ordusu daxilində fəaliyyət göstərən gürcü və erməni batalyonlarını əlavə etsək, Quzey Azərbaycan müsəlmanlarının müdafiəsiz qalmasını, baş verəcək siyasi hadisələrə tam hazırlıqsız olduğunu görərik. Hətta rus ordusundakı müsəlmanlardan ibarət “vəhşi süvarilər” alayı da Azərbaycan xalqını rus imperialistlərinin və ermənilərin planlı qırğın siyasətindən qurtara bilmədi. Təkcə Quzey Azərbaycanın deyil, Güney Azərbaycanın da eyni durumda olduğunu etiraf etməliyik.

1917-ci ilin noyabrının sonunda Anadolu cəbhəsində hücuma keçmiş türk ordusu qarşısından qaçan rus ordusunun qalıqları, ilk növbədə erməni və aysorlardan ibarət qüvvələr Azərbaycan ərazisində ilk böyük qətliamı Güney ərazisində (Urmiya, Salmas, Xoy, Maku, Culfa və d.) törətdilər. Hesablamalara görə, 1918-ci ilin iyununa qədər, yəni Kazım Qarabəkir paşanın ordusu Güney Azərbaycanı azad edənə kimi, erməni və aysorlar birlikdə 180 min müsəlmanı vəhşiliklə qətlə yetirmişlər.

1918-ci il Mart soyqırım barədə geniş yazılıb. Mart soyqırımının yalnız bu ayda və lokal ərazilərdə aparıldığı çox zaman vurğulanır. Məsələ ondadır ki, istər rus bolşevikləri, eserləri, menşevikləri, istərsə də erməni daşnakları anlayırdılar ki, ərazinin müsəlman çoxluğunun idarəsinə keçməsinin qarşısını almaq üçün yalnız bir yolları var — Azərbaycan xalqını yer üzündən silmək.

Bolşevik, eser, menşevik və erməni qüvvələri Quzey Azərbaycan ərazisində azərbaycanlılara qarşı soyqırımı 1918-ci ilin sentyabr ayına qədər apara bildilər. Müzəffər Qafqaz İslam Ordusu Bakıya doğru irəlilədikcə soyqırıma məruz qalmış ərazilər rus imperialist və erməni qüvvələrindən təmizlənirdi. Nəhayət, sentyabrın 15-də Qafqaz-İslam Ordusu hissələrinin Bakıya daxil olması, Təzə Pir məscidinin həyətində Nuru paşanın ayaqları altında Bakı camaatı adından Hacı Zeynalabdin Tağıyev tərəfindən qurban kəsdirilməsi — xalqımızın soyqrımdan qurtuluşunun müjdəsi oldu!

İndi Azərbaycan Respublikasından kənarda olan anti-türk qüvvələr, yəni leninçilər, separatçılar və d. ermənisifətlər, psixikası qüsurlu manyaklar, ictimai təhlükəli ünsürlər bildirirlər ki, Osmanlı imperiyası Rusiyadakı “vətəndaş müharibəsindən istifadə edib, Cənubi Qafqazı işğal etmişdi”. Əgər Osmanlı imperiyası fürsətcillik edib rus müstəmləkələrini “işğal etmək” fikrinə düşsə idi, bunun üçün 600 nəfərlik atlı qüvvəsi olan, Tiflisdə oturmuş Azərbaycan hökumətinin xahişi və köməyinə ehtiyacı olmazdı. İkinci bir tərəfdən, Osmanlı nə üçün yenicə yaranmış erməni “dövlətciyinin” nazı ilə oynayıb İrəvanı, yenicə yaranmış gürcü dövlətinin nazı ilə oynayıb Tiflisi işğal etmirdi?

Cavab gün kimi aydındır: Osmanlı hakimiyyəti üç Qafqaz xalqının seçiminə sayğısını göstərir, xüsusilə də Güney Azərbaycanda olduğu kimi Quzey Azərbaycanda müsəlman türk əhalisinin erməni və rus qüvvələri tərəfindən yer üzündən silinməsinin qarşısını almaq istəyirdi.

Təsəvvür edək ki, Osmanlı-türk ordusu müəyyən səbəblərdən 1918-ci ildə Quzey Azərbaycanı erməni və rus imperialist qüvvələrindən azad etməsə idi, o zaman “Azərbaycan Respublikası” adlı dövlət olacaqdımı?

Nəinki o zaman, heç bu gün də Azərbaycan Respublikası mövcud olmayacaqdı. Çünki bu dövlətin əsası olan azərbaycanlılar, Quzey Azərbaycan müsəlmanları, Quzey Azərbaycan türkləri yer üzündən silinəcəkdi.

Başda Nuru paşa olmaqla xilaskar Qafqaz İslam Ordusunu bizə tarixi təsadüf yolladı. Ayrı sözlə desək, bu Ordunu, bizi xilas etmək üçün Allah göndərdi! Bu Allahın möcüzəsi idi!

SSRİ-nin dağılması və 1987-ci ildə başlamış Quzey Azərbaycan xalqının yeni soyqırımı və torpaqlarının işğalı zamanı bizim yenə də mərkəzləşmiş nə milli təşkilatımız, nə hərbi qüvvəmiz var idi. Bu dövrdə də işğallardan bizim yeganə xilasımız xaricdən köməyimizə gələn hərbi qüvvə ola bilərdi. Amma olmadı… Nəticədə, 100 000-ə qədər soydaşımız soyqırıma məruz qaldı, bir milyondan yuxarı soydaşımız qaçqın düşdü, torpaqlarımızın 25 faizi işğal olundu… Tarixi düşmənlərimizin bizə qarşı bu dəfəki soyqırımı və Azərbaycan dövlətinin dünya xəritəsindən silinməsi planları yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi məharəti hesabına dayandırıldı…

15 sentyabr — Azərbaycan xalqının və Azərbaycan Dövlətçiliyinin xilasının 100 illiyidir. Xalq və Dövlət kimi mövcudluğumuza görə, 100 il əvvəl bir əlində Azərbaycan və Türk-İslam bayrağı, o biri əlində silah tutaraq Bakını azad etmiş igidlərə borcluyuq!

Pərviz Elay

“Millətçilik” qəzeti

Baku, Azerbaijan – April 2018: Baku Turkish Martyrs’ Memorial and cemetrary dedicated to the Ottoman soldiers killed during the World War I in Azerbaijan.