22 aprel tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupu çərçivəsində təşkil olunmuş videokonfransın qonağı Azərbaycan Respublikasının əməkdar elm xadimi, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik  Nailə Vəlixanlı idi.

Videokonfransın mövzusu “Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının təşkilində son illərin tədqiqatlarından tapılmış arxeoloji materialların yeri” idi.

Akademik N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyində aparılan son tədqiqatlar, eksponatların yenilənməsi və bərpası istiqamətində görülən işlər, beynəlxalq əlaqələr, mövcud problemlərdən söz açdı. Öz çıxışında akademik N.Vəlixanlı Azərbaycan arxeoloqlarının apardığı tədqiqatların Azərbaycan və bəşər elmi üçün ölçüyəgəlməz əhəmiyyətini qeyd etdi.

Daha sonra mövzu üzrə diskussiya keçirildi. Videokonfrans çərçivəsində davam edən diskussiyada tədbir iştirakçıları arxeoloji tapıntıların saxlanılması, bərpası və sərgilənməsi konsepsiyasının hazrlanması, həmçinin, Azərbaycanda muzeylərin müasir dünya standartlarına uyğun bina və fondlarla təchizi sahəsində problemlərdən söz açdılar. Xüsusi olaraq vurğulandı ki, qanunvercilik sahəsində muzeyləşdirmə proseslərinin requlə edilməsi üçün əlaqədar dövlət təşkilatları ilə birgə qarşılıqlı məsləhətləşmələrin aparılmasına, müvafiq təkliflərin reallaşdırılmasına ciddi ehtiyac vardır. Tədbir iştirakçıları xüsusi karantin rejimi dövründə müvafiq mövzuların müzakirəsi üçün videokonfransların davam etdirilməsini qərara aldılar.

Videokonfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, habelə, Avropada “Arxeologiya” ixtisası üzrə təhsil alan magistrantlar iştirak edirdilər.