Ağstafa rayonunda ər-arvadı güllələməkdə təqsirləndirilən Misir İbrahimovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Bakıxəbər.az-ın məlumatına görə, M.İbrahimov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Ağstafa rayonunun Qarayazı qəsəbəsində baş verib. Qəsəbə ərazisində yerləşən fermada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən iki dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.

Nəticədə S.Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Həmşəyeva yaralanıb.

Ağstafa rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.İbrahimov tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “МЦ-2112” markalı tüfəng götürülüb.