Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) 43 konteynerdən ibarət qatarı Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırmaqla növbəti rekorda imza atıblar.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Konteyner”dən bildirilib.

Müxtəlif təyinatlı yüklərin olduğu 40 futluq konteynerlərdən ibarət qatar Altınkol stansiyası vasitəsilə Qazaxıstan ərazisinə daxil olub. Daha sonra operatoru ADY Konteyner olan “Beket-Ata” fidr gəmisi ilə Aktau limanından Bakı Limanına çatdırılmış, oradan Gürcüstanın Axalkalaki stansiyasına, daha sonra isə Türkiyənin İzmit şəhərinə yola salınıb.

Mürəkkəb epidemioloji şəraitə baxmayaraq,  Şərq-Qərb marşrutu üzrə dəmir yolu ilə yükdaşımalar sanitar – epidemioloji normalara riayət edilməklə fasiləsiz olaraq davam etdirilir.