“ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası ölkə ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində fəaliyyətini davam etdirir.

Bu barədə Bakıxəbər.az-a qurumdan məlumat verilib.

Bildirilir ki, regionda yeganə bu cür stansiya olan Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası neft və neft məhsullarının daşınmasında strateji əhəmiyyətə malikdir. Belə ki, çən vaqonlarında neft və yanar qazların qalıqlarının təmizlənməsi, bu cür yüklərin dəmir yolu vasitəsi ilə daşınmasının əsas təhlükəsizlik tədbirlərindən sayılır.

Bundan başqa, “ADY Express” şirkəti xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan təhlükəsizlik tədbirləri həyata keçirib. Stansiyada növbəli iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib və beləliklə, stansiyanın fasiləsiz fəaliyyəti təmin edilib.

Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında 1 280 çən vaqonun içəridən və 65 vaqonun xaricdən yuyulması həyata keçirilib. Bununla stansiya Azərbaycan dəmir yollarında neft və neft məhsullarının daşınması prosesinin təhlükəsiz həyata keçirilməsinə öz töhfəsini vermiş olub.

Sonda bir daha əhalini Azərbaycan Hökumətinin tətbiq etdiyi xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməyə çağırırıq.