1904-cü il iyunun 16-da Finlandiya Senatının binasında, bu şimal ölkəsinin taleyini həll etmiş güllə səsləri eşidilir. Rus imperiyasının tərkibində olan Finlandiyanın Maarif nazirliyinin məmuru Eygen Valdemar Şauman, Finlandiyanın rus general-qubernatoru, Rusiya imperiyasının Fin dairəsi hərbi qoşunlarının komandanı  general-adyutant Nikolay Bobrikova üç dəfə atəş açır.

Yaralı qubernator yerə sərilir. Eygen tapançasını öz sinəsinə tuşlayır – o nəinki Bobrikovun, həmçinin özünün də həm hakimi, həm cəlladı olacaqdı — tətəyi iki dəfə çəkir. İyirmi doqquz yaşlı fin terrorçusu intihar edir.

Hadisənin səbəbini anlamaq üçün daha əvvəl baş vermiş olaylara diqqət yetirək.

RUSİYANIN MUXTAR MÜSTƏMLƏKƏSİ — FİNLANDİYA KNYAZLIĞI

XIX əsr Avropada milli özünüdərkin güclü inkişaf mərhələsi idi. Bu dövrdə Avropa xalqlarında öz keçmişləri barədə istər elmi, istərsə də uydurma təsəvvür yaranmaqda idi. Öz keçmişləri barədə elmi təsəvvürlə yanaşı ədəbi məfkürə də formalaşırdı. Ədəbiyyatın yeni janrı yaranır — tarixi roman. Bu janrın ilk adları — Valter Skott və Aleksandr Dümanın adları indi də bütün dünyada tanınır.

XIX əsrdə öz millətləri üçün əlamətdar olan milli ədəbiyyat, şairlər meydana çıxır: Şevçenko, Mitskeviç, Neruda və b.

ÜmumAvropa proseslərindən Finlandiya da kənarda qalmamışdı. Həmən əsrdə burada milli dirçəliş də vüsət alırdı.

Bu dövrdə fin dili əsasən kənd mühitində işlənirdi. 1808-ci ilədək Finlandiyada tarixən ağalıq edən millətin — isveçlilərin dili həm rəsmi, həm də ədəbi dil idi. Öz milli dövlətçiliyindən məhrum xristian xalqlarda da durum belə idi: Çexiyada alman dili, Ukrayna şəhərlərində moskovit, yəni rus dili ağalıq edirdi.

Bu əsrin ilk rübündən etibarən İsveç dilində danışan, İsveç soyadları daşıyan və hətta, fin dilini bilməyən şəhər əhalisi arasında, “fennomania” adlı, qədim köklərə dönüş cərəyanı alovlanır. Ölkədə gedən mürəkkəb prosesləri anlamaq üçün o dövrə aid qəbir başdaşlarına baxmaq yetərlidir — fin millətçilərinin, “fennomanların” başdaşılarında həm “rəsmi” İsveç ad və soyadları ilə yanaşı fin adları da yazılırdı.

Əsl mədəni sıçrayış 1835-ci ildə “Kalevala”nın — milli fin eposunun nəşri ilə baş verdi. Bu epos Elias Lennrot tərəfindən toplanmış və redaktə olunmuş müxtəlif xalq mahnıları əsasında yaradılmışdı.

Mövzudan kənara çıxaraq bildirək ki, XIX əsrdə müxtəlif xalqların çoxlu eposları kəşf edilir və nəşr olunurdu. Məsələn, “Sid haqqında mahnı”, “Nibelunq üzüyü”, “İqor polku haqqında dastan”, “Kraledvor əlyazması” və s. Bu əsərlərin bəziləri saxtakarlıq kimi ifşa olunmuşdu, mümkündür ki, bəzilərini də gələcəkdə belə aqibət gözləyir. Amma çox güman ki, əksəriyyəti “ədəbi tarixi abidə” kimi yüksək adları saxlayacaqlar.

“Kalevala”nın nəşri sübut edirdi ki, finlər də Avropanın digər xalqlarından geri qalmayaraq qədim tarixə malik idilər. Lennrotun yaradıcılığı fin milli özünüdərkinə güclü impuls verdi.

XX əsrin əvvəli üçün fin cəmiyyətində müstəqil milli dövlətə ehtiyac aydın hiss edilirdi. Lakin bu, yalnız 1917-ci ildə Rusiya imperiyasının bolşevik çevrilişi ilə başlamış hadisələr zamanı mümkün oldu.

GENERAL BOBRİKOVUN FƏALİYYƏTİ

Eygen Şaumanın qəsdinin əsas səbəbi Finlandiya Böyük knyazlığının general-qubernatoru vəzifəsində Bobrikovun fəaliyyəti oldu. Bu vəzifəyə Nikolay Bobrikov 17 avqust 1898-ci ildə Rusiya imperatoru II Nikolayın fərmanı ilə təyin edilmişdi.

Çarın rəyinə əsaslanaraq yenicə təyin olunmuş qubernator qərara gəlmişdi ki, finlərin artıq çudilərın, merilərin, vesilərin və d. fin-uqor xalqlarının faciəli taleyini təkrar etmək, yəni, ruslaşmaq vaxtı gəlib çatıb. Bunu Bobrikovun rus imperatoruna ünvanladığı hesabat xarakterli məktubu, əslində isə, Finlandiyanın yenidən qurulması barədə proqram sənədi əyani olaraq göstərirdi.

Bobrikovun müstəmləkə qubernatoru təyin edildiyinə qədər Finlandiya knyazlığı Rusiya imperiyasında xüsusi statusa malik müstəmləkə idi: diyarın büdcəsi yalnız bu ərazinin tələbləri üçün istifadə edilirdi, qanunları yalnız yerli Senat yaradırdı, finlər rus ordusunda xidmətdən azad idilər, öz müstəqil knyazlıq ordusu formalaşmışdı — bir sözlə, Finlandiya yetərli muxtariyyət hüquqlarına malik idi.

Bobrikovun fin muxtariyyətinə hücumu çara yolladığı məktubdakı müddəalar üzərində qurulmuşdu: knyazlığın öz ordusu ləğv olunur və Rus imperiyası hərbisinə tabe edilir; qanunvericilik Rusiyaya bağlanır; stats-sekretariat (ayrıca fin idarəçilik katibliyi), fin gömrüyü və pul dövriyyəsi aradan qaldırılır; rus dili mütləq dövlət dili olur; yerli inzibati aparatda rusların və rusdilli qeyri-rusların sayı artırılır; fin məktəbləri üçün rus dərslikləri mütləq olur; yerli qəzetlər məhdudlaşdırılır və rusdilli dövlət qəzetlərinin sayı artırılır; rus administrasiyasının şaquli idarəçiliyi əsas olur.

Fin muxtriyyətinə ilk zərbə 3 fevral 1899-cu il tarixli çar manifesti ilə endirilir. Finlandiya Senatının səlahiyyətlərindən qanunların yaradılması çıxarılır və imperiya mərkəzinə verilir. Rus tərəfinin fikrincə, hansı qanunların ümumimperiya, hansıların isə, finlərə aid edilməsi barədə qərarı çar verəcəkdi.

Amma finlərin imperator manifestinə reaksiyası kəskin olur; onlar bunu öz hüquq və azadlıqlarına qəsd kimi dəyərləndirirlər.Fin senatorları Sankt-Peterburqa gəlir ki, fevral manifestinin ləğv olunmasının vacibliyini imperatora anlatsınlar. Çar onları qəbul etmir. Lakin fin vətənpərvərləri təslim olmurlar. Onlar etiraz məktubu (adres-protest) tərtib edirlər və sənədi 525 fin senatoru və görkəmli şəxsiyyətləri imzalayır. Etiraz məktubunu çara təqdim etmək üçün 500 nəfər fin siyasətçisi, hərbçisi və ziyalısından ibarət “Böyük nümayəndəlik” Sankt-Peterburqa göndərilir. Amma bu aksiya da cavabsız qalır.

Tezliklə fin muxtariyyətinə daha bir zərbə endirilir. General-qubernator dəqiq bilirdi ki, Finlandiya nə qədərki öz qoşununa malikdir, o, assimilyasiya siyasətinə ciddi müqavimət göstərmək gücündədir.

Bobrikovun administrasiyası fin hərbi qüvvələrinin muxtar hüquqlarını güclü surətdə məhdudlaşdıran qanunlayihəsi hazırlayır. Hərbi xidmət və hərbi mükəlləfiyyət müddətinin, hərbi çağırışın və ordu idarəsinin imperiya mərkəzinə uyğunlaşdırılması tələb edilirdi. Həmçinin, fin ordusunda Rusiyanın digər regionlarından çağırılmış adamların hərbi xidmət keçməsi də planlaşdırılırdı.

Bobrikov hazırladığı qanunlayihəsini fin Senatından keçirməyə cəhd edir. Amma güclü müqavimətlə üzləşir. Fin senatorları layihəni nəinki rədd edirlər, həmçinin, 3 fevral manifestinin də qəbuledilməz olduğunu bildirirlər.

Buna cavab olaraq 1901-ci il iyunun 29-da çarın yeni manifesti çıxır. Manifestdə bildirilir ki, finlər “Taxt və Vətənin” müdafiəsində iştirak etməlidirlər, Finlandiyanın bütün hərbi birlikləri imperiyanın müdafiə nazirinə və onun nümayəndəsinə — Finlandiya hərbi dairəsinin komandanına tabe olmalıdırlar. Sadə dil ilə desək, finlər bundan sonra imperiyanın digər müstəmləkə xalqları kimi rus ordusunda xidmət etməli idirlər.

Lakin iş bununla bitmədi. Muxtariyyət üzərinə hücumlar müxtəlif istiqamətlərdən aparılırdı. Bobrikov anlayırdı ki, xalqın dili və ənənəvi mədəniyyəti qaldıqca onun assimilyasiya ilə məhv edilməsi mümkünsüzdür. Fin dili sıxışdırılmalıdır ki, ruslaşma uğurlu olsun.

Baxmayaraq ki, Finlandiyada “rusdilli əhali” ümumi əhalinin 0,2 faizini təşkil edirdi, Bobrikov fəal surətdə bu ərazidə Rusiya məktəb və kitabxanalarının sayını artırırdı.

(ardı var)

Hazırladı: Pərviz Elay