əvvəli

RUSLAŞDIRMA SİYASƏTİ

Bobrikovun göstərişi ilə “düzgün olmayan” məktəb dərsliklərinin “düzgün”, yəni, rus çarı və rus imperiyasını tərifləyən dərsliklərlə əvəz etmək üçün xüsusi komissiya yaradıldı.

General-qubernator həmçinin, ali məktəbləri də nəzarətə götürürdü. Fin ziyalılarına nəzarət etmək üçün 1900-cu ildə Helsinqfors universitetinin rəhbərliyi dəyişdirildi. Universitetin yeni kansleri Böyük Finland Knyazlığının stats-sekretarı Vyaçeslav fon Pleve təyin olundu. Pleve artıq hərbi mükəlləfiyyət barədə yeni nizamnamənin yaradılmasında, dövlət sənədlərinin ruslaşdırılması, Finlandiya general-qubernatorunun səlahiyyətlərinin artırılması işində fərqlənmişdi.

İmperiya təbliğatını aparmaq üçün “Finlandiya qəzeti” — işğalçı administrasiyanın rəsmi orqanı yaradılır. 1900-cu ilin yanvarın 1-də qəzetin ilk sayı dərc olunur. Bununla yanaşı bir sıra fin qəzetləri yasaq edilir.

1903-cü ildə Bobrikov Finlandiyanın bütün təhsil ocaqlarını şəxsi nəzarətinə keçməsi barədə səlahiyyətlər də əldə etdi. Nəticədə, “fin millətçisi” olan müəllimlər işdən çıxarılmağa başladı.

Bobrikov anlayırdı ki, təhsilin ruslaşdırılması yetərli deyil. İmperiya “maarifi” yalnız gələcəkdə öz nəticəsini verəcək. İşğalçının dilini öyrənmək üçün daha güclü stimul lazımdır. Dövlət sənədlərinin rus dilinə keçirilməsi, fin elitasını imperiya dilini öyrənməyə məcbur edəcək. Elita ruslaşdısa, qara camaat da gec-tez Bobrikov və Plevenin dilini öyrənməyə məcbur olacaq.

1900-cu ilin iyununda növbəti çar manifestində Finlandiyanın dövlət müəssisələri əməkdaşlarının hamısından rus dilində sənədləşməni aparmaq tələb edilirdi.

Buna cavab olaraq fin Seymi manifestin inkar edilməsi barədə fransız dilində yazılmış petisiya qəbul edir və Peterburqa növbəti nümayəndə heyətini yollayır. Çar fin nümayəndələrini qəbul etmir, petisiya cavabsız qalır.

Finlandiyanın Rusiya imperiyasına inteqrasiyası üçün əsas mühüm faktor iqtisadi sahə idi. Qərar verildi ki, Finlandiyanın dəmir yolları imperiyaya tabe etdirilsin. Hətta bu məqsədlə II Nikolay göstəriş verir ki, Neva çayı üzərindən dəmiryol xətti olan körpü tikilsin. Həmin ilin aprelin 24-də Finlandiya dəmir yollarının Rusiya dəmir yolları nazirliyinə tabe etdirilməsi barədə qərar çıxarılır.

Fin iqtisadiyyatının mənimsənilməsi üçün qızıl imperial rublu dövriyyəyə buraxılır. Həmin zamanadək Finlandiyada kronlar dövriyyədə idi. 27 may 1904-cü il qanunu ilə hər iki pul Finlandiyada dövriyyədə işlədilməli idi. Bunun ardınca Finlandiyada Rusiya imperiyasının dövlət bankının şöbəsi yaradılır.

1900-cu ildən Bobrikovun Finlandiyanın muxtariyyatının mərhələli ləğvi ilə bağlı siyasəti artan silsilə ilə fin cəmiyyətində narazılığı və etirazı gücləndirirdi. General-qubernator törənəcək açıq toqquşmaları önləmək üçün çardan xüsusi səlahiyyətlər tələb etdi.

1902-ci ilin 26 avqustunda çarın verdiyi fərmana əsasən N.Bobrikov Finlandiya Senatının başçısı təyin edilir. 1903-cü ilin martında çarın verdiyi növbəti fərmana görə, general-qubernator dövlət hakimiyyətinin ali nümayəndəsi təyin edilirdi. O, Finlandiya ərazisində bütün dövlət orqanları və təhsil müəssisələrinin fəaliyyətinə rəhbər təyin olundu. Yeni səlahiyyətlərinə uyğun olaraq diyarda şübhəli bildiyi hər bir kəsi sürgün, həmçinin, edam da  edə bilərdi. İlk dəfə olaraq finlər işğalçıların bu cür sərtləşmiş qanunları ilə üzləşirdi.

Çar II Nikolay canişini Nikolay Bobrikovun Finlandiyanın general-qubernator vəzifəsində gördüyü işlərdən çox razı idi. 1904-cü il 17 iyun reskriptində (tərif məktubu) çar II Nikolay göstərirdi ki, Bobrikovun xidmətləri onun adını şimal diyarında rus dövlətçiliyinin təsbiti səlnamələrinə şərəflə yazacaqdır.

Amma çarın bu öngörənliyi və digər proqnozları özlərini doğrultmadı.

EYGEN ŞAUMAN

Rusiya tarixçilərinin əksəriyyəti Şauman tərəfindən Bobrikova qarşı qəsdi terror aktı kimi dəyərləndirir. Əlbəttə, qətl cinayətdir. Amma…

Şaumanın törətdiyi qətl evləri, qatarları və vağzalları partladan, günahsız insanları öldürən müasir terrorçuların fəaliyyətindən fərqli idi. Bu, rus “xalqçılarının” bomba atıcılığı da deyildi. Onlar öz terror aktları ilə çar və onun məmurları ilə yanaşı adi xalqa da ziyan vururdular: təsadüfi piyadalara, çar qulluqçularına.

Eygen Valdemar Şauman könüllü ölümə gedirdi və özü ilə o dünyaya təsadüfi insanları, sadə adamları deyil, birbaşa Bobrikovu aparırdı. Qəsddən sonra Şaumanın evində axtarış zamanı onun son məktubu aşkar edildi. Məktubda Şauman Bobrikova qarşı qəsd və öz intiharı üçün cavabdehliyi üzərinə götürürdü.

Eygen Şauman ağılsız adam deyildi — əksinə, o yaxşı atıcı, ovçu, “Finlandiya yegerləri cəmiyyətində” xəzinədar idi.

Amma qeyd edək ki, bu cəmiyyətin gizli məqsədi Finlandiyanı qorumaq üçün döyüşçüləri hazırlamaq idi. Məsələn, 1918-ci il birinci sovet-fin müharibəsində fin şüskorlarının (könüllü yarımhərbi birləşməsi)  sırasında “Finlandiya yegerləri cəmiyyəti”nin yüzlərlə üzvü var idi.

Bobrikova qəsdin kökündə pul və ya insan öldürmək hərisliyi motivi durmurdu. Eygen Finlandiyada Bobrikov tərəfindən yeridilən çarın ruslaşdırma siyasətinin təhlükəsini aydın anlayırdı. Şauman istəmirdi ki, onun xalqının aqibəti çudi və meri kimi ruslaşma nəticəsində itmiş fin-uqor xalqlarının aqibəti kimi acınacaqlı olsun. Fin xalqının yaşaması üçün Şauman ölməyə qərar verir.

SİU-QƏSDİN NƏTİCƏSİ

Bobrikova üç güllə vurub, onun yerə sərildiyini görəndən sonra Eygen Şauman eyni tapança ilə özünü vurur. General-qubernator Nikolay Bobrikov üç güllə yarası almışdı. Onu xəstəxanaya çatdıra bildilər, amma bir neçə saat sonra o keçindi. Xəbər Finlandiyaya yayıldıqca xalqın içində özünə inamın partlayışına səbəb olurdu. Bir həftə içində finlər hər gün bayram edir, şənlənirdilər.

Peterburqda vəziyyət ayrı idi. Çar bir ildən çox bir müddətdə Finlandiyada hansı tədbirlər görəcəyi barədə qərar verə bilmirdi. Ruslaşdırma siyasətini davam etdirmək və ya kütləvi repressiyalar fin xalqının böyük hissəsinin Şaumana çevrilməsinə təkan verə bilərdi. İsveş və Norveçlə münasibətlər korlanardı. Rusiyanın rəqiblərinin — Britaniya, Yaponiya, Almaniyanın üsyançılara yardım etməsi istisna deyildi. Həmçinin, Finlandiyanın sərt qışında orada hərbi qüvvələr saxlamaq və hərbi əməliyyatlar aparmaq böyük xərclər tələb edəcəkdi, itkilər isə nəhəng olacaqdı…

1905-ci ildə II Nikolay həyatında azsaylı olan düzgün qərar qəbul etdi. Həmin gün verilmiş manifestlə Bobrikovun indiyədək qəbul etdirdiyi bütün ruslaşdırma islahatları ləğv edilirdi.

Daha 12 ildən sonra rus çarı öz həmvətənləri tərəfindən öldürüləcəkdi, Finlandiya isə, sürətlə inkişaf edən müstəqil Avropa dövlətlərindən birinə çevriləcəkdi.

SON

Hazırladı: Pərviz Elay

Şəkillərdə:

  1. 1904-cü il qəzetlərində qətlin təsviri
  2. Eygen Valdemar Şauman
  3. General-qubernator Nikolay Bobrikov
  4. 1906-cı il, Şaumanın qəbirüstü abidəsinin açılışı
  5. Şaumanın şərəfinə abidə