Mayın 8-də ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları nəzərdə tutan fərman imzalayıb.

Bu fərmana əsasən İranın metallurgiya sənayesinə sanksiyalar tətbiq edilir. Sanksiyalar həm İranın metallurgiya şirkətlərinə, həm bu ölkədən metal idxal edən xarici şirkətlərə aiddir.

SANKSIYALAR KƏSKİNLƏŞİR

Fərmana əsasən əgər 90 gün ərzində xarici şirkətlər İranın metallurgiya şirkətləri ilə ticarət əlaqələrini və digər işgüzar münasibətləri dayandırmasalar onlar ABŞ-ın sanksiyaları altına düşəcəklər. Belə şirkətlərin aktivlərinin ABŞ Maliyyə Nazirliyi tərəfindən dondurulması, onların bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulur.

Prezident Donald Trampın Ağ evin saytında dərc edilmiş bəyanatında bildirilir ki, yeni iqtisadi sanksiyalar İranı ixrac gəlirlərinin 10 faizindən məhrum edir. Bəyanata əsasən sanksiyalar İranın polad, mis və aliminium istehsalçılarına qarşı tətbiq edilir. Və İrandan polad, mis və aliminium alınmasına qadağa qoyulur.

Sanksiyalar həm İranda ağır metallurgiya sahəsində çalışan, həm də bu ölkəylə metal istehsalı sahəsində əməkdaşlıq edən əcnəbi şirkətlərə də şamil ediləcək.

“Bu addım İranı neftlə bağlı olmayan ən iri ixrac gəlirlərindən məhrum etməlidir. Biz İrana qarşı heç vaxt görünməmiş ən güclü və maksimal təzyiq kampaniyasını uğurla davam etdiririk”-Tramp bəyan edib.

Xatırladaq ki, mayın 4-dən etibarən ABŞ İrandan neft ixracına tamamilə qadağa qoyub. Buna cavab olaraq Tehran bəyan edib ki, öz neftini “qara bazarda” satmaq üçün tədbirlər görəcək.

Metallurgiya isə İranın neftlə əlaqəli olmayan əsas ixrac gəlir mənbəyi hesab edilirdi. Ötən ildən etibarən ABŞ-ın İrandan neft idxalına məhdudiyyətlər tətbiq etməsi Tehranı məcbur etmişdi ki, metallurgiya şirkətlərinə dempinq tətbiq etsin və onlara ciddi ixrac güzəştləri versin.

“Bu addım İranda kütləvi qırğın silahlarının istehsalının və  bu ölkənin terrorçu qruplaşmaları dəstəkləməsinin qarşısını almaq məqsədi daşıyır”,- deyə Trampın məsələ ilə bağlı daha öncə konqresə ünvanladığı məktubda deyilir.

İrana qarşı təzyiqlər təkcə bununla bitmir. Bəhanəni isə, İranda hakimiyyətdə olan qüvvələr verir. İran nüvə razılaşması üzrə öhdəliklərinin bəzi hissələrini yerinə yetirilməkdən imtina etdiyini açıqlayıb. Rəsmi Tehran bununla bağlı Rusiya, Böyük Britaniya, Fransa Almaniya və Çin səfirlərini məlumatlandırıb. Söhbət zənginləşdirilmiş uran və ağır su ehtiyatlarının məhdudlaşdırılmasından gedir. Tehran razılaşma üzrə sözügedən ölkələrə danışıqlar aparmaq üçün 60 gün verib; 60 gün ərzində razılaşma olmayacağı təqdirdə nüvə çalışmalarına yenidən başlayacağını deyib. İranda bəzi qüvvələr hakimiyyətə Hörmüz boğazını bağlamağı da məsələhət görürlər. Buna cavab olaraq da Amerika İran sahillərinə “Avraam Linkoln” aviadaşıyıcısını və bombardımançılar qrupunu göndərib.

Həmçinin, ABŞ bölgədəki ərəb dövlətlərindən başda Səudiyyə Ərəbistanı olmaqla “ərəb NATO”-su yaratmaqdadır. Aydındır ki, “ərəb NATO”-sunun əsas məqsədi İrana qarşı sünni məzhəbli ərəb hərbi koalisiyasının yaradılmasıdır.

MÜHARİBƏ TƏHLÜKƏSİ

Bu gün politoloqlar arasında qarşıdakı mümkün hərbi toqquşmanın reallaşması proqnozları üzrə fərqli mülahizələr mövcuddur. Bir qrup politoloqa görə, müharibə mümkün deyil. Çünki 2000-ci illərin əvvəlində də, ən azı iki dəfə İranın son anda qarşıdurmadan çəkinərək güzəştlərə getməsini misal çəkirlər: birinci dəfə ingilis dəniz piyadalarının azad edilməsi, ikinci dəfə Buşəhr AES-nə beynəlxalq inspektorların buraxılması ilə bağlı insidentlərdə.

Digər cinahda olan politoloqların fikrincə, müharibə riski gündən-günə artmaqdadır. Belə ki, hətta rusiyalı hərbi analitik Denis Korkodinovun fikrincə, gər ABŞ-la İran arasında müharibə baş versə, o zaman toqquşma bu və ya digər şəkildə Yaxın Şərqin böyük bir hissəsini, İran körfəzini və Azərbaycan da daxil, Qafqazı əhatə edəcək.

“Amerikalı ”qırğılar”ın (Mayk Pompeo, Con Bolton) davakar ritorikası İranın yaxın qısamüddətli perspektivdə hərbi müdaxilə təhlükəsi altında olduğunu düşünməyə əsas verir. Ola bilsin, Donald Tramp qatı anti-irançılar olan Pompeo və Boltonun daxil olmadığı başqa bir siyasi əhatəyə malik olsaydı, o zaman iki ölkə arasında konfliktdən qaçmaq mümkün olmasa da, onu qeyri-müəyyən müddətə təxirə salmaq olardı”, – deyə o qeyd edib.

Hərbi ekspert İranla ABŞ arasında mümkün müharibənin bir neçə episentrinin olacağını güman edir. “Müharibənin episentrlərdən biri Suriya və Livan, digəri İraq, o biri isə Güney Azərbaycan ola bilər… Tramp administrasiyası müstəqillik tələb edən Təbriz türkləri ilə İran əhalisi arasında milli zəmində qarşıdurma yarada bilər. Bu da şübhəsiz ki, Bakının müəyyən reaksiyasını doğuracaq. Belə tendensiyanı önləmək üçün Tehran ehtimal ki, Azərbaycanda şiə istiqamətində islamlaşmanı sürətləndirməyə səy edəcək və Bakının Vaşinqton və Təl-Əvivlə yaxın əlaqələrinə görə növbəti dəfə narazılığını bildirəcək”, – deyə politoloq əlavə edib.

Aydın məsələdir ki, Denis Korkodinov Rusiyanın mənafelərindən çıxış edərək proqnozlarını verir. Həmçinin, rusiyalı ekspert Stanislav Tarasov açıq bildirir ki, “əgər cənubdan, xüsusən də İran tərəfdən Araz boyu sabitsizlik təhlükəsi yaranarsa və bu, Cənubi Qafqaza təsir etməyə başlayarsa, o zaman ruslar Azərbaycanın və Ermənistanın etirazlarına rəğmən, Araza çıxacaqlar. Çünki ruslar nə azərbaycanlıları, nə də erməniləri müdafiə edəcəklər. Onlar yalnız özlərini və öz maraqlarını qoruyacaqlar. Məhz bu faktor hamını çəkindirir. Ruslar isə deyirlər ki, anlaşın, biz şərtlər irəli sürmürük. Ancaq əgər anlaşmasanız, əgər bizim burnumuzun altında müharibə olsa və bu, bizim üçün təhlükədir, onda sizin heç birinizi vecimizə almayacaq və öz problemlərimizi həll edəcəyik”.

Digər tərəfdən, Fransanın “Le Figaro” qəzetinin şərhçisi Jorj Malbryuno yazır ki, o, İranla müharibəni istisna edir, amma Fars körfəzi sularında hadisələrin nəzarətdən çıxması mümkündür. Məqalədə deyilir ki, Vaşinqton regiondakı müttəfiqlərini-Birləşmiş Ərəb Əmirliklərini və Səudiyyə Ərəbistanını da İrana qarşı sərt addımlar atmağa sövq edir. Həmin ölkələr başa düşürlər ki, ABŞ-dakı növbəti prezident seçkilərinə qədər İran qarşı sürətlə addımlar atmaq lazımdır.

Fransalı hərbçi müəllifə deyib ki, Səudiyyə  Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Muhammed Bin Salman İrana hərbi müdaxilə planı hazırlayır. Salman generallarına əmr edib ki, belə plan hazırlasınlar.

Beləliklə, müharibə variantı mümkündür.

ABŞ-İRAN MÜHARİBƏSİ: AZƏRBAYCAN ÜÇÜN TƏHLÜKƏLƏR

Rusiyalı hərbi analitiklərin proqnozuna görə, müharibə variantında: 1) Azərbaycana İrandan, xüsusilə, Güney Azərbaycandan milyonlarla qaçqın gələ bilər; 2) Rusiyanın “ermənistan” adlı müstəmləkəsində yerləşmiş hərbi bazası Araz çayı boyunca İranla sərhədə qoşun çıxaracaq. Tarasovun sözündən isə, elə çıxır ki, Rusiya Azərbaycanın mövqeyinə baxmadan Azərbaycanın İranla sərhədini də nəzarətə götürməyə can atacaq.

Biz bu təhlükələrə digərlərini də əlavə edə bilərik. 1) Güney Azərbaycandan olan qaçqınlar Azərbaycan Respublikasında siyasi sabitliyə ciddi təhdid doğura bilərlər. 2) Rəsmi Bakını Qərbdən tam tədric etmək üçün Kreml erməniləri yeni Azərbaycan torpaqlarını işğal etməyə qısqırda bilər.

Bu təhlükələrin qarşısını almağın yolları var. Hələ Buşəhr AES-nin beynəlxalq inspeksiyası ilə bağlı gərginləşmə dövründə də Güneydən olan qaçqınlar təhlükəsi yaranmışdı. O zaman ABŞ analitikləri İranla sərhəd boyunca Azərbaycanda qaçqın düşərgələrinin tikilməsini məsləhət görürdülər. Çünki ABŞ analitikləri də anlayırdılar ki, güneyli qaçqınlar Qərbi Azərbaycandan, Qarabağdan olan qaçqınlar deyil; Şimali Azərbaycan güneyli qaçqınları “həzm” edə bilməyəcək. Tam ayrı mentalitet, tam ayrı anlayışlar. İki yüz il biri digərindən ayrı etnik formalaşma yolu ilə getmiş iki qardaş toplumun “qardaş qanı tökməsinə” ilk növbədə ermənilər, Rusiya və Qərb, hətta, dövlətləri xaosa qərq olmuş fars millətçiləri də sevinərlər. Ona görə də elə indidən bu düşərgələrin təşkili layihəsi hazırlanmalıdır.

Rəsmi Bakının başını qatmaq, Güney Azərbaycan və Qərblə sövdələşmə məsələlərindən uzaq tutmaq üçün Kreml tərəfindən ermənilərin qısqırdılmasına gəldikdə isə, yeganə xilas yolu – Türkiyənin dayağıdır. Ona görə rus-erməni işğallarının mümkün növbəti seriyasına hazırlıqlar barədə  indidən Türkiyə rəhbərliyi ilə danışıqlar aparılmalıdır.

Amma İranın zəiflədilməsi nəticəsində Türkiyənin bölgədə güclənməsi və Güney Azərbaycan faktorunun ortaya çıxması variantı çətin ki, Qərbin, xüsusilə də ABŞ-ın maraq dairəsindədir. Durumun kəskin dəyişəcəyi halında 1941-ci il SSRİ-nin İrandakı “Azərbaycan firqəsi” layihəsi təkrarlana bilər. Yəni, Rusiya 1941-ci ildə olduğu kimi İranın bölüşdürülməsində iştirak etməyə çalışacaq. Artıq buna oxşar variant var. Əfqanıstanın şimalındakı şiə özbəklərin Məzari-şərif vilayəti bütünlüklə Rusiyanın təsiri altındadır; sözsüz ki, Daşkəndin vasitəçiliyi və iştirakı ilə…

Qarxunlu