Bu il də torpaqlarımız işğal altında qaldı. Strateji baxımdan əhəmiyyətli olan bir neçə məntəqə üzərində, əsasən də Naxçıvan istiqamətində ordumuzun 2018-ci ildə nəzarəti bərpa edilib. Amma bunlar çox kiçik addımlardır. Lakin heç nədənsə, elə bu strateji məntəqələri nəzarətə götürməyimiz bir nəticədir. Bütün böyük işlər elə kiçik addımlardan başlayır.

BÖYÜK ANTİ-AZƏRBAYCAN GÜCLƏRİ

“Ermənistan” adlı Rusiyanın hərbi müstəmləkəsini sülhə məcbur etmək üçün hələki ən optimal yol blokadadır. Amma işğalçı “dövlətciyin” blokadası tam deyil. “Ermənistan” adlı Rusiyanın hərbi müstəmləkəsinin ayaq üstə qalmasını Rusiyadan başqa, özünü “müsəlman”, “islam ölkəsi” sayan İran təmin edir.

Ümumiyyətlə, işğal edilmiş torpaqlarımızla bağlı münaqişə İranın siaysi dairələrinin mahiyyətini göstərən bir lakmus kağızıdır. Məhz bu münaqişədə İranın mövqeyi, rəsmi Tehranın dövlət siyasətinin dini zəmində deyil, “islam dəyərlərinin müdafiəsi” konsepsiyası pərdəsinə bələnmiş fars şovinist siyasəti zəminində qurulduğunu göstərir. Biz bütünlüklə ABŞ-ın və Qərbin yürütdüyü anti-Tehran xəttinə keçə bilərdik, bu da bizim real cavabımız ola bilərdi.

Siyasi reallığın qəlizliyi ondadır ki, biz bunu edə bilmirik. Əvvəla ona görə ki, Rusiya əlindən gələni edir və edəcək ki, Azərbaycan Qərbin anti-İran xəttinə qoşulmasın. İkinci səbəb odur ki, biz Qərbin təsiri ilə İranda hakimiyyət dəyişliklərinin bizə nə qədər xeyir verəcəyini bilmirik. Əgər İranda hakimiyyətə Qərbyönlü qüvvələr gəlsə, avtomatik olaraq Azərbaycanın Qərb üçün bölgədə önəmi sıfırlanacaq. Tehrandakı anti-Qərb molla rejiminin qalması, bölgədə biziermənilər qədər Qərb üçün maraqlı olmağımıza səbəbdir.

ABŞ, Fransa, Almaniya və bütünlükdə Qərbin bizə münasibəti aydındır. Bunu qısaca “3 anti-“ ifadəsi ilə deyə bilərik: anti-azərbaycançılıq, anti-türkçülük, anti-islamçılıq. Buraya xristian təəsübkeşliyini, ermənipərəstliyi, ari irqçilyini də əlavə etmək olar. Bizim bu tezislərimizi mübahisə mövzusuna çevirmək istəyən hər bir kəslə mübahisəyə hazırıq.

Rusiyaya gəldikdə isə, birmənalı surətdə bu dövlət bizim real düşmənimizdir. Bizim faciəmiz təkcə onda deyil ki, müsəlman və türk olaraq Rusiyanın qonşusuyuq. Bizim əsas faciəmiz odur ki, başımıza min bir bəla gətirmiş bu imperiya bir tərəfdən də bizim millət kimi formalaşmağımıza, müstəqil milli dövlət yaratmaq və maariflənmə yolu ilə getməyimizə təkan verdi. Rus işğalını görməyən 30 milyonluq Güney türklərinin ağlamalı durumunu görürük. Yəni, xalqımızın acı taleyi bu idi ki, ən asi düşmən bizə müasirliyi, milli şüuru gətirdi, bizi dini cəhalət bataqlığından çıxardı…

Rusiyanın mahiyyəti budur ki, ətraf xalqların müqavimətini qırsın və onları gələcəkdə ruslaşma üçün materiala çevirsin. Bu gün özünə “rus”, “slavyan ruslar/rus slavyanları” deyənlər, əslində, əksərən rus pravoslav dini dilini qəbul etmiş fin-uqorlardır və slavyan mədəniyyəti, antropologiyası ilə heç bir bağlılıqları  yoxdur. Bizim sadəcə bəxtimiz gətirdi ki, bu imperiyada 1917-ci il sosial partlayış dövrünə düşdük. Özü yox, adı qalmış fin-uqorlarla, Şimali Qafqazdakı xalqlarla, tatarlarla, başqırdlarla və d. müqayisədə bəxtimiz çox gətirdi…

Eləcə də bizim bəxtimiz onda gətirib ki, bu gün Rusiya digər supergüclərlə münaqişədədir. Rusiyanı Suriya və Ukrayna bataqlığında, iqtisadi sanksiyalarda boğurlar. İstər bərabər hüquqda, istərsə də Moskvanın Qərbin vassalına çevrilməsi halında Rusiyanın və Qərbin birləşməsi bizim sonumuz demək olardı. Bu baxımdan bəxtimiz gətirib. Bu yerdə bir məqamı qeyd etməliyik. Ən gülüncü də odur ki, Qərblə, ABŞ-la qarşıdurmaya gedən Rusiyanın başında duranların pulu, mülkü və övladları elə həmin Qərbdə, ABŞ-da yerləşiblər…

İşğal altındakı torpaqlarımızın geri qaytarılması məhz bu dünya güclərinin mövqeyinə görə mümkün deyil. Beynəlxalq hüququn müddəalarına əsasən Azərbaycan öz torpaqlarını hər an silah gücünə azad etmək haqqına malikdir. Amma dünya gücləri buna icazə verərlərmi? Xeyr! Çünki arada Qərbin həmin o “3 anti-“ prinsipinə əsaslanan mövqeyi, Rusiya və İran vardır.

BİZƏ AĞIL ÖYRƏDƏN RİYAKAR BÖHRANLI QRUP

Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group-İCG) bu günlərdə Dağlıq Qarabağ münaqişəsinə dair geniş hesabat yayıb.

Virtualaz.org hesabatdan ermənilərin işğal altındakı ərazilərdə apardıqları qanunsuz məskunlaşma, Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsini nəzərdə tutan və erməni tərəfinin rədd etdiyi “Lavrov planı” və Dağlıq Qarabağın aralıq statusuna dair tərəflərin mövqelərinin nədən ibarət olması barədə xülasələri təqdim edib.

Virtualaz.org-un yazarı F.Məmmədov bildirir ki, hesabatda status məsələsindən geniş bəhs olunur. İCG qeyd edir ki, Bakı Dağlıq Qarabağın gələcək statusu barədə referendumun hüquqi qüvvəyə malik olacağını təsdiqləyir. Lakin hesab edir ki, referendumun müddəti və səs verənlərin hüquqları barədə məsələ gələcək danışıqların predmeti olmalıdır. “Əks halda, bir keçmiş Azərbaycan məmurunun dediyi kimi, “ermənilər müstəqilliyə səs verə və onu əldə edərdilər, Azərbaycanın isə razılaşmaqdan başqa yolu qalmazdı”,-hesabatda deyilir.

Hesabata əsasən Bakı bu variantın alternativi kimi iki ayrı səsvermə nəzərdən keçirir-Dağlıq Qarabağdakı erməni çoxluğun səsverməsi və azərbaycanlı məcburi köçkünlər arasında səsvermə. Və hər iki qrup razılaşmalıdır ki, onların səsi mütləq tanınacaq. (Bu, Kipr modelini xatırladır və faktiki olaraq Dağlıq Qarabağdan köçkün düşən azərbaycanlılara veto hüququ verir).

İCG təxmin edir ki, bu variantı Yerevan və Xankəndi qəbul etməz. Ermənistan Madrid prinsiplərini ona görə dəstəkləyib ki, orada açıq səsvermə yolu ilə Dağlıq Qarabağın müstəqilliyinin dəqiq perspektivini görüb.

“Bəzi erməni siyasətçiləri və rəsmi şəxsləri Dağlıq Qarabağdan köçkün düşən azərbaycanlıların da səsvermə haqqını müzakirə etməyə hazırdır, hərçənd vahid səsvermə çərçivəsində”,-hesabatda deyilir. Əlavə edilir ki, azərbaycanlılar Dağlıq Qarabağda çoxluq təşkil etməyiblər və ona görə də səsvermə haqları regionun müstəqilliyinə mane olmaz.

İCG bildirir ki, bəzi azərbaycanlı siyasətçilər lap əvvəldən “aralıq statusu” və referendumu bir kənara qoyaraq Dağlıq Qarabağın yekun statusunu müzakirə etməyi təklif edir. Onların bəyan etdikləri məntiqə görə referendumun şərtlərini və aralıq statusu müəyyənləşdirməyə yönələn səylər irəliləməyin daha möhkəm zəminini yaratmağa sərf olunsa daha yaxşıdır.

Hesabata əsasən Bakı Dağlıq Qarabağ üçün hansı muxtariyyət təklif etməsindən asılı olmayaraq Yerevan və Xankəndi “müstəqillikdən” başqa heç bir variantı müzakirə etmək istəmir. Bununla belə Bakı muxtariyyət barədə ideyalar irəli sürərsə ən azından diskussiyalar üçün məkan yaranar.

“Bakı öz təklifini formalaşdırmalıdır ki, vəd olunan muxtariyyət həm yerli ermənilərin, həm regiondan qaçqın düşmüş azərbaycanlıların tələblərinə necə cavab verəcək. Hərçənd bu Yerevanı və Xankəndini qane etməyə kifayət deyil, amma ən azından diskussiyalar başlaya bilərdi”,-təşkilatın analitikləri belə hesab edir.

İCG hesab edir ki, öz növbəsində Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı de-fakto rejim kompromislərdə maraqlı olduğunu nümayiş etdirmək üçün regionun statusuna dair öz ideyalarını formalaşdırıb irəli sürə bilər. Bu təklif ilkin formada  Bakının xoşuna gəlməyəcək, amma ən azından müzakirələrə təkan verərdi.

Təşkilat məsləhət görür ki, məsələnin olduqca həssas olması nəzərə alınaraq əvvəlcə tərəflər status barədə yarımrəsmi və ya qeyri-rəsmi kanallarla müzakirələr aparsalar yaxşı olar. Çünki rəsmi diskussiyalar aparmaq cəhdlərinin heç biri uğurlu olmayıb, Bakı ilə Yerevan arasında konfrontasiyanı daha da dərinləşdirib.

Hesabata əsasən Xankəndinin danışıqlarda iştirakına dair Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra aktuallaşan mövzu, bu məsələdə tərəflər arasında kəskin ziddiyət ən azından dönüş nöqtəsi olaraq qeyri-rəsmi danışıqların aparılmasının daha faydalı olacağını göstərir.

“Variantlardan biri Bakı, Yerevan və Xankəndi arasında əvvəlcə ancaq müstəqil ekspertlərin, keçmiş məmurların və ya vətəndaş cəmiyyəti qruplarının daxil olduğu heyətlər arasında danışıqlar olardı. Hansı ki, bu heyətləri əvvəlcədən daha aşağı səviyyəli rəsmi şəxslər dəstəkləyərdi, yaxud ümumyyətlə rəsmi şəxslər prosesdən kənarda durardı. Bakının Dağlıq Qarabağdan köçkün düşmüş azərbaycanlıların hüquqları barədə narahatlıqlarını nəzərə alaraq həmin icmanın da nümayəndələri Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil ola bilər”,-hesabatda deyilir.

Göründüyü kimi bu ICG abreviaturası ilə tanınan qrup deyəsən özü böhranlıdır. Çünki bu qrup özünü təlxəkliyə qoyub Azərbaycanla işğalçı ermənilər arasında hansı sülh variantının keçərli olması barədə fal açır, olmayan “ağılını” nümayiş etdirir, işğalçının hüquqlar tələb etməsini normal hal kimi təqdim edir, işğalçı ilə işğal olunanın statusunu eyniləşdirir və s.

Elə lap tutaq ki, Azərbaycan və ermənilər nəisə bir varianta razı oldular, tutaq ki… Böyük güclər buna imkan verəcək? Bu böyranlı qrup Azərbaycan və erməniləri ayrıca bir adada yaşayan, ətrafda böyük güclərin olmadığı bir areal kimi görür? Bu böhran qrupu heç bir kəlmə də Rusiya və Qərbin rolundan danışmır. Böyük güclər olmasa idi, Azərbaycan nəinki Qarabağı, hətta İrəvanı erməni işğalçılarından azad edərdi. Bu yerdə deyərlər ki, ay ICG adlı böhran qrupu, get aşığını at!

2020-Cİ İLDƏ YENİ LƏLƏTƏPƏLƏRƏ ÜMİDİLƏ

2016-cı ildə Lələtəpənin azad edilməsilə ilə Azərbaycanın işğal edilmiş ərazilər istiqamətində apardığı strategiyanın yeni perspektivli istiqaməti ortaya çıxdı. Bu təsadüfən oldu və ya düşünülmüş bir plan idi – demək çətindir. Amma 2016-cı ildə Lələtəpə, 2018-də Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi düzgün strategiyanı göstərdi. Düşməndən torpaqlarımızı parça-parça almalıyıq! Ayrı yol yoxdur!

2020-ci ildə yeni Lələtəpələrin azad edilməsi ümidi ilə..!

Qarxunlu

“Millətçilik” qəzeti