Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti Rusiya lideri Vladimir Putinlə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

“Dünən axşam ABŞ prezidenti Donald Tramp ilə danışıqlar apardım. Bundan sonra Suriyadakı vəziyyəti qiymətləndirmək üçün Vladimir Putinlə də danışıqlar aparacağam”, – deyə o qeyd edib.

Türkiyə prezidenti vurğulayıb ki, Ankara əldə olunan razılaşmalara əsasən, öhdəliklərin üzərinə düşən hissəsini sonuna qədər yerinə yetirəcək: “Biz memorandumdan geri çəkilmirik”.

Öz növbəsində, Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov Türkiyə tərəfinin V.Putin ilə telefon danışığı aparmaq istəyini təsdiqləyib: “Hazırda onların təklifi əsasında uyğun vaxtı müəyyənləşdiririk və cavabımızı qarşı tərəfə bildirəcəyik”.