Ələt Şərq vaqon deposunda təmir işləri həyata keçiriləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Ələt Şərq vaqon deposuna baxış keçirib, burada aparılacaq təmir-bərpa işləri ilə maraqlanıb.

QSC sədrinə Ələt Şərq deposunda vaqonların təmiri prosesi, təmir sexlərinin hazırki durumu haqqında məruzə edilib, nəzərdə tutulan işlər haqqında, yaradılacaq şərait və iş prosesi barədə məlumat verilib. Bildirilib ki, deponun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, müəssisədə yeni avadanlıqların quraşdırılması, sexlərin təmiri, daxili dəmir yollarının yenilənməsi və genişləndirilməsi, əməkdaşların məişət şəraitinin yaxşılaşdırılması və ərazinin abadlaşdırılması nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Ələt Şərq vaqon deposunun təmir-bərpası və yenilənməsi istiqamətində görüləcək işlərlə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, Ələt Şərq vaqon deposu 2018-ci ilə aprel ayından “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir. Bununla da “ADY Express” şirkətinin göstərdiyi xidmətlərin sırasına vaqon təmiri xidməti də daxil edilib.